►«Mənə yaxınsansa, üstəlik, qohumsansa, niyə mənim yox, başqasının tərəfini tutub onu dəstəkləyirsən» mənasında işlədilən ifadə.
İfadənin meydana çıxması xalq arasında yayılmış bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətdə deyilir ki, bir kişi qonşu kənddə yaşayan əmisi oğluna baş çəkməyə gedir. Kəndə gedən yol meşəlikdən keçdiyi üçün kişi hər ehtimala qarşı tüfəngini və xəncərini də götürür. Yolu yarıdan keçib kəndə yaxınlaşanda kişi arxasınca bir ayının gəldiyini görür. Silah işlətmək heç yadına da düşmür və adam qorxusundan üz qoyur qaçmağa. Birtəhər özünü əmisi oğlunun kəndin kənardakı evinə çatdırır. Evə girən kimi dərhal su istəyib acgözlüklə başına çəkir. Əmisi oğlu onun bu halını görüb nə baş verdiyini soruşur. Kişi ayı məsələsini danışanda əmisi oğlu deyir ki, sən adımızı batırıb ayının qabağından qaçmısan, mən olsaydım, tüfənglə ayının beynini odlayardım. Kişi özünü təmizə çıxarmaq üçün ona belə cavab verir:
– Ay əmoğlu, nə danışırsan? Güllən boşa çıxardı və ayı səni parçalayardı.
– Onda xəncəri belimdən çıxarıb soxardım ayının qarnına, – deyə əmoğlu yenə hücuma keçir.
– Ayı çox yekə idi, pəncəsi ilə xəncərini vurub atardı, – deyə kişi özünə yenə bəraət qazandırmağa çalışır.
Əmoğlu geri çəkilmək istəmir və daha «cəsarətli» variant irəli sürür:
– Xəncəri vurub salsaydı, kəmərimi açar, ayının boğazına keçirib sıxardım, boğub-öldürüb sonra da sürüyərdim.
– Nə danışırsan, ay əmoğlu? Dedim axı, ayı çox bədheybət idi, qayışı çeynəyib səni də parçalayardı.
Əmisi oğlu kişinin ayının tərəfini tutmasına dözməyib bərk əsəbiləşir və deyir: «De görüm, sən kimin əmisi oğlusan: ayının, yoxsa mənim? Nə deyirəm, ayının tərəfini saxlayırsan ki, sənə belə edərdi...»
Sonralar ifadə məcazlaşmış və indiki mənada geniş işlədilməyə başlamışdır.
Məsəllər, deyimlər