►Deyilən sözü gec anlayıb gec də reaksiya verən adamlara münasibətdə işlədilən ifadə.
İfadə kar adamın mətləbi gec anlayıb gec də reaksiya verməsi ilə bağı əhvalatdan yaranmışdır.
Bu məsəl çox vaxt əsl mənasında, yəni kar adamın həqiqətən bir şeyə iki dəfə gülməsi mənasında, həm də məcazi mənada − bir sözü və ya işi gec başa düşən adamlar haqqında zarafatla işlədilir.
Bəzən iştirak etdiyimiz hər hansı məclisdə, yığıncaqda gülməli bir söz danışılarkən oradakıların hamısı gülür. Məclisdə elə adamlar da olur ki, ya diqqətsizlikdən, ya da yaxşı eşidə bilmədiyindən söhbətin məzmunundan xəbərdar olmadıqları halda başqalarına baxıb gülürlər. Lakin hamı gülüb qurtardıqdan sonra həmin adamlar yanlarındakılardan camaatın nəyə güldüyünü soruşur və səbəbini öyrəndikdən sonra ikinci dəfə, həm də daha ürəkdən gülürlər.
Buna görə də xalq arasında «kar iki dəfə gülər» deyirlər.
Məsəllər, deyimlər