►Yaxşı güzəran və firavanlıq üçün zəhmət çəkməyin, əməyə qatlaşmağın vacibliyini vurğulayan ifadə.
İfadə xristian dininin təbliği ilə bağlı bir rəvayətdən qaynaqlanır.
Həmin rəvayətə görə, İsa peyğəmbərin həvarilərindən biri olan Pavel xristianlığı təbliğ etmək üçün Makedoniyanın Fessaloniki (indiki Saloniki) şəhərinə gəlir. İnsanlar həvarinin İsa haqqında moizələrinə qulaq asıb Allahın oğlunun göstərdiyi möcüzələrə və onun yenidən zühur edəcəyinə inanırlar. Pavel getdikdən sonra dindarlar iş-güclərini atıb qiyamət gününü gözləməyə başlayırlar. Onda Pavel fessalonikililərə ikinci dəfə bu sözlərlə müraciət edir:
«…Biz heç kimin çörəyini havayı yemədik, zəhmətə qatlaşdıq, heç kimə yük olmamaq üçün gecə-gündüz işlədik, – ona görə yox ki hökmümüz çatmırdı, ona görə ki özünüzü bizə bənzətmək üçün sizə nümunə göstərdik. Biz sizdə olanda bunu nəsihət etdik: kim işləmək istəmirsə, o da yemir. Amma eşidirik ki, bəziləriniz işlərini atıb, zəhmət çəkmək istəmir, vurnuxur. Belələrini inandırırıq ki, sakit-sakit işləyib öz çörəklərini yesinlər».
Bu atalar sözünün SSRİ dönəmində V.İ.Leninə aid olduğunu deyirdilər, çünki onun 1918-ci ilin mayında dərc olunmuş «Aclıq haqqında» məqaləsində belə bir cümlə işlənmişdi: «Kim işləmirsə, o da yemir». Burada maraqlı məqam odur ki, dinin qatı düşməni olan Lenin həmin ifadəni xristianlığın müqəddəs kitabı «İncil»dən götürmüşdür.
Məsəllər, deyimlər