►Birinin hədsiz tamahkar və yalançı olduğunu bildirən ifadə.
İfadə Molla Nəsrəddinə aid bir lətifə ilə bağlıdır.
Molla Nəsrəddin hər səhər yuxudan duranda dua eləyib Allahdan yüz qızıl istəyirmiş. Çox varlı olan tacir qonşusu bir gün bunu eşidib Molladan soruşur:
– Bəlkə, Allah yüz qızıl yox, bir az qızıl yetirdi. Bəyəm az qızıl olsa, götürməyəcəksən?
Molla cavab verir:
– Əgər doxsan doqquz qızıl da olsa, yenə götürməyəcəyəm.
Qonşu bu məsələdə Mollanı sınamaq istəyir. O, bir kisəyə doxsan doqquz qızıl yığır. Gözləyir, Molla dua edib Allahdan yüz qızıl istəyəndə kisəni bacadan onun qucağına salır. Molla kisədə olan qızılları sayır, görür doxsan doqquzdur. Molla halını dəyişməyib deyir:
– Heç zərər yoxdur, doxsan doqquzunu verən birini də yetirər.
Molla qızılları yığışdırır. Qonşu da gözləyir, Molladan bir səs çıxmır, axırda gəlib deyir:
– Molla, o qızılları bacadan mən salmışam, tez özümə qaytar.
Molla deyir:
– Nə qızıl, dəli-zad olmamısan? Bu qızılları mənə Allah göndərib, birini də yetirəcək.
Axırda qonşu əlacsız qalıb deyir ki, gedək divanda məsələni aydınlaşdıraq.
Molla özünü sındırmadan deyir:
– Mən divandan qaçmıram. Ancaq piyada gedə bilmərəm. Həm də cübbəm köhnədir. Bir qatır gətir, bir də cübbə al, geyinim, gedək.
Qonşu gedib bir qızıla yaxşı cübbə alır, bir də yaxşı qatır gətirir. Molla cübbəni geyib qatırı minir, gəlirlər qazının yanına. Qonşu əhvalatı qazıya danışır. Qazı Molladan bu kişinin doğru, yoxsa yalan danışdığını soruşur. Molla qonşu tacirin dediklərinin hamısını təkidlə danır.
Qonşu məsələni qazıya bir də danışır və «mən onu sınamaq üçün qızılı bacadan saldım» deyə and-aman edir.
Molla isə tövrünü pozmadan deyir:
– Qazı ağa, mən pullarımı sayanda bu qonşu görüb. İstəyir pulları məndən alsın. Mən bunu yaxşı tanıyıram, utanmasa, deyər ki, mindiyin qatır da mənimdi.
Qonşu əsəbiləşib deyir:
– Əlbəttə, qatır da mənimdi, əynindəki cübbə də.
İşi belə görən qazı Mollanı haqlı bilib qonşunu haqsız hesab edir.
Məsəllər, deyimlər