Reklam
Reklam

Məsəllər, deyimlər

İNDİ DƏ MƏNİM OYNAMAĞIM TUTUB

►Müәyyәn işin әvәzini çıxmağın, edilmiş pisliyin qısasını almağın vaxtının çatdığını bildirәn ifadə.

İfadə Şәrqdә çox mәşhurdur və alleqorik bir əhvalatla bağlıdır.

Həmin əhvalat XV әsrdә yaşamış Kaşifinin «Әnvәri-Süheyl» kitabında aşağıdakı kimi nәql olunur.

Çöldә yaşayan dәvә vә eşşәk birgә otlayırdılar. Bir dәfә eşşәk anqırmaq istәyir. Dәvә xahiş edir ki, anqırmasın, səsini eşidib bizi tutub apararlar. «Mәnim anqırmağım tutub», – deyә eşşәk sözə baxmır, anqırır. Tәsadüfәn ötәn karvan әhli bu sәsi eşidir, gәlib onları tutub karvana qatırlar. Azadlığını itirən dəvə eşşəyin bu hərəkətindən çox qəzəblənir.

Karvan bir həftə yol gedəndən sonra qarşıya çay çıxır. Çayda batmasın deyә eşşәyi götürüb dәvәyә yüklәyirlәr. Çayın ortasına çatanda dәvә suda ləngər vurmağa və oynamağa başlayır. Suya düşüb boğulacağından qorxan eşşәk dәvәyә yalvarır ki, oynamasın. Lakin dәvәyə əbəs yerə kinli heyvan demirlər: eşşәyin onun sözünә baxmayıb anqırmasını və onları fəlakətə salmasını unutmamışdı. Ona görə də dəvə «indi dә mәnim oynamağım tutub» deyә eşşәyi suya qərq edir.

Məsəllər, deyimlər