►Aşkar təzyiq və qorxunun təsiri ilə öz fikrindən geri çəkilməməyin, qətiyyətli olmağın, həqiqət uğrunda mübarizədə inadkarlığın rəmzi kimi işlədilən ifadə.
İfadənin böyük italyan alimi Qalileo Qalileyin (1564–1642) dilindən çıxdığı ehtimal olunur.
Klassik mexanikanın, eksperimental fizikanın və astronomiyada teleskop müşahidələrinin əsasını qoymuş Q.Qalileyi fizikaya, riyaziyyata aid dərin elmi əsərləri, Ayda dağları, Günəşdə ləkələri və s.-ni kəşf etməsi ilə yanaşı, həm də bu məşhur ifadəsinə görə çox tanıyırlar.
1633-cü ildə inkvizisiya Qalileyi küfrdə ittiham etdi. «İki dünya sistemi haqqında dialoq» əsərində alim bütün planetlərin, o cümlədən Yerin Günəş ətrafında fırlanmasına dair Kopernik nəzəriyyəsinin doğru olduğunu bildirmişdi. Belə fikirlərə isə 1616-cı ildən kilsə tərəfindən rəsmən qadağa qoyulmuşdu.
Santa-Mariya kilsəsində keçirilən məhkəmə hökm çıxardı. 70 yaşlı alimin fikirlərindən yazılı surətdə imtina etməsini nəzərə alan inkvizisiya ona uzunmüddətli həbs cəzası kəsdi. Rəvayətə görə, Qaliley öz məşhur ifadəsini məhz həmin vaxt işlədib: hökmü diz üstündə dinləyib qalxdıqdan sonra bir ayağını yerə vuraraq «Hər halda, o fırlanır!» deyib.
Qalileyin məhkəmə önündə inadkarlıqla «Hər halda, o fırlanır» deməsi haqda rəvayəti İtaliya jurnalisti Cüzeppe Baretti 1757-ci ildə çapdan çıxmış «The Italian Library» kitabına daxil etmişdi. Barettinin bu informasiyanı haradan aldığı bilinmir, amma fakt budur ki, Qalileyin guya 1633-cü ildə dediyi sözü bizə ilk olaraq 124 il sonra yazılmış bu kitabın müəllifi «çatdırıb».
Maraqlıdır ki, kilsə Qalileyə yalnız 1992-ci ildə papa II İohann Pavelin təşəbbüsü ilə bəraət qazandırıb. Vatikan dahi alimi təqib etməklə səhvə yol verdiyini boynuna alıb.
Məsəllər, deyimlər