Reklam
Reklam

Məsəllər, deyimlər

HARINLIQ AZARINA TUTULMAQ

►Naz-nemət içәrisindә yaşayıb adamlara yuxarıdan aşağı baxmaq, var-dövlətin çoxluğundan qudurmaq, hədsiz bədxərclik və israfçılıq etmək.

İfadə Bağdad xәlifәsi Harun әr-Rәşidin (763–809) adından ümumilәşәrәk yayılmışdır.

Mәşhur Abbasilәr sülalәsindәn olan Harun Şәrqdә yayılmış bir sıra әfsanә vә rәvayәtlәrdә, xüsusilә «Min bir gecә» nağıllarında idealizә edilәrәk әdalәtli padşah, maarif vә sәnәtin tәrәqqisinә çalışan incәsәnәt hamisi, xalqın atası kimi tәriflənir. Guya yoxsul xalqın həqiqi vәziyyәti ilә yaxından tanış olmaq üçün tacir paltarı geyib Bağdadın küçәlәrini gәzәrmiş.

Əslində isə Harun әr-Rәşid çox amansız vә qәddar bir despot olmuşdur. Xüsusilә Bәrmәkilәrә qanlı divan tutmuş, təkcə bir gün içindә (hicri 187-ci il) 60 min Bәrmәki ailәsini qәtlә yetirmişdi. O, Şimal-Qәrbi İranda, Xorasanda, Misirdә baş verәn üsyanları amansız şәkildә yatırtmışdı. 808–809-cu illәrdә Muğanda vә Qarabağda әrәb işğalçılarına qarşı mübarizә aparan Xürrәmilәr hәrәkatını da әn vәhşi metodlarla boğmuş vә üsyançılarla çox qәddar davranmışdı.

Harun dövründә Bağdad әhli başdan-başa naz-nemәt içәrisindә üzürmüş. Xәlifənin özünün dövlәtinin qәdәrini bilәn yox imiş. Harun dövlәtinә, sәrvətinә müvafiq dә çox sәxavәtli, әliaçıq imiş. Sәxavәti haqqında bütün Şәrqdә çoxlu rәvayәtlər yayılmışdır.

Arvadı Zübeydә xatun da cah-calallı hәyat keçirirdi. Onun süfrәsinә yalnız qızıl vә ya gümüş qablarda, ya da daş-qaşla bәzәdilmiş qablarda xörәk gәtirilmәli idi. O, hәcc ziyarәtinә gedәrkәn Mәkkәdə onun qarşılanmasına üç milyon dinar xәrclәnmişdi.

Harunun övladları da belә bәdxәrclik dәrәcәsinə çatan әliaçıqlığı ilә fәrqlәniblәr. Oğlu Mәmunun toyunda o qәdәr sәrvәt mәsrәf olunmuşdu ki, әrәb әdəbiyyatında zәrbi-mәsәl halına keçmişdi.

Məsəllər, deyimlər