Reklam
Reklam

Tarix terminləri lüğəti

fundamentalizm

lat. fundamentum – bünövrə, əsas

Müəyyən təlimin, doktrinanın başlanğıc prinsip və dəyərlərinə qayıdış, habelə sözsüz tabelilik tələb edən ifrat konservativ fəlsəfi cərəyan, yaxud ictimai, ideoloji hərəkat.

Termin ilk dəfə XX əsrin əvvəllərində ABŞ-ın protestant icmasında baş qaldırmış hərəkata aid edilib. F. əksər hallarda dünyada gedən qloballaşma və sekulyarlaşma proseslərinə reaksiya kimi yaranır və bu səbəbdən də çox vaxt dini formalar alır. Dini F.-in başlıca məqsədi cəmiyyətdə dini strukturların hegemon rolunun bərpasıdır. Onun ideoloji bazasını isə müqəddəs dini kitablarda yazılanlara qeyd-şərtsiz əməl olunması, onların tənqidinin və ya liberal dəyərlər baxımından şərhinin qəbuledilməzliyi ideyası təşkil edir. Müasir dünyada F. meyilləri xristianlıq, iudaizm, hinduizm və digər dinlərdə özünü göstərsə də, islam F.-i problemi daha tez-tez gündəmə gəlir. Bu, müsəlman ölkələrində bir sıra modernizasiya cəhdlərinin ardıcıl şəkildə uğursuzluğa düçar olması ilə izah edilir. İslam F.-i iddia edir ki, bir çox müsəlman ölkələrinin acınacaqlı vəziyyətinə müsəlmanların öz həqiqi etiqadlarından uzaqlaşıb Qərbin materialist ideologiyalarına uyması səbəb olub.

Tarix terminləri lüğəti