Reklam
Reklam

Məsəllər, deyimlər

FİLİ NİYƏ ÖLDÜRMÜSƏN?

►Kimisə əsassız yerə günahlandırmaq üçün cəfəng ittihamlar irəli sürüldüyünü bildirən ifadə.

İfadə Rusiyanın ucqarlarında baş vermiş yəhudi talanları ilə bağlı yaranmışdır.

Çar Rusiyasının cənub şəhərlərindən birində yəhudi talanları gedir. Talançılar bir yəhudi evinə girib talana bəhanə üçün dərhal ailəni xristianlığa hörmətsizlikdə günahlandırmağa başlayırlar. Ev sahibi səliqə ilə bükülü xaç və «İncil» kitabını göstərərək əksini sübut edir. Bu zaman onları çara hörmətsizlikdə ittiham etməyə başlayırlar. Yəhudi çar Nikolayın divardan asılı olan portretinə işarə edərək bu iddianın da əsassız olduğunu göstərir. Bu bəhanə də işə yaramayınca talançılardan biri ömründə ilk dəfə gördüyü pianoya yaxınlaşaraq qapağını qaldırır və soruşur:

– Niyə bunun özü qara, dilləri isə ağdır?

Ev sahibi deyir:

– Pianonun dilləri fil dişindən hazırlandığı üçün ağdır.

Elə bu zaman talançılar bir ağızdan çığırırlar: «Lənətlənmiş yəhudi! Bədbəxt fili niyə öldürmüsən?»

Bunu deyib başlayırlar həmin adamın evini yağmalamağa.

Məsəllər, deyimlər