►«Hökmdarların verdikləri fərmanlar, qanunlar ötəridir, qorumağa borclu olduğumuz müqəddəs Vətən torpağı isə əbədidir» mənasında işlədilən deyim.
İfadə Anadolu türkmənlərinin məşhur xalq ozanı Dadaloğlunun (təxm. 1875–1868) eyniadlı şeirindən qaynaqlanaraq geniş yayılmışdır.
Həqiqi adı Vəli olan Dadaloğlu xalq arasında həm də Osmanlı dövlətinin Anadolu türkmənlərini oturaq həyat tərzinə keçməyə məcbur etmək siyasətinə qarşı davamlı mübarizə aparmış qəhrəman kimi tanınır.
Güney Anadoluda Toros dağlarında doğulmuş Dadaloğlu oğuzların Əfşar boyundan idi. Bu qəbilə binadan köçəri həyat sürürdü. Ona görə də Osmanlı hökumətinin onları oturaq həyata məcbur etmək üçün başqa vilayətlərə köçürməsi xalqın ciddi etirazlarına səbəb olmuşdur. Dadaloğlunun şeirləri əfşarların etiraz səsi idi. Bu səs xalqın minillik yaddaşını, tarixini, yaşam tərzini, həmçinin xalqın mübarizə əzmini ifadə edirdi:
Belimizdə qılıncımız girmani,
Daşı dələr mizrağımın təmrəni!
Haqqımızda dövlət vermiş fərmanı,
Fərman padşahındır, dağlar bizimdir!
Bu etirazlardan sonra Osmanlı hökuməti əfşarlara kənd təsərrüfatı üçün münbit ərazilər verdi. Amma yenə də mübarizə davam edirdi. Xalq hökuməti ədalətsiz qərarını ləğv etmək üçün çalışır, dəmir iradə nümayiş etdirirdi. «Dadaloğlu, yarın qovğa qurulur» deyən xalq ozanı da bu mübarizənin önündə olmuşdur. Onun xalqın mübarizə əzmini ifadə edən «Fərman padşahındır, dağlar bizimdir» misrası uzun illər doğma torpaqlara qayıtmaq uğrunda çarpışan xalqın şüarına çevrilmişdir.
Məsəllər, deyimlər