Subyektin hərəkəti öz üzərində icra etdiyini bildirən feil.
Bu növdə subyekt eyni zamanda obyekt rolunda çıxış edir. Qayıdış növ feillər, əsasən, -ıl4, -ın4 (-n) şəkilçiləri vasitəsilə düzəlir; məs.: Gül aç+ıl+dı. Duman çək+il+ir. Uşaq yu+yun+ur, dara+n+ır. Qayıdış növ feillər təsirli feillərdən düzəlir, təsirsiz olur; məs.: çəkmək (nəyi?), çək+il+mək (haraya?) və s. Geymək və soymaq feillərindən düzəlmiş geyinmək və soyunmaq feilləri istisnadır. Bu feillər təsirli feillərdən düzəlir və yenə təsirli olaraq qalır. -lan2 şəkilçisi ilə adlardan düzələn bəzi feillər də qayıdış növ mənasını bildirsə də, məlum növə aid edilir; məs.: Quş qanad+lan+dı. Atam giley+lən+di. Bəzi feillər kontekstdən asılı olaraq həm qayıdış, həm də məchul növdə ola bilər; məs.: Qapı açıldı (məchul növ). Hava açıldı (qayıdış növ).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti