►Etibar edib əmanət verən adamın etimadını doğrultmaq, nə olursa olsun, həmin əmanətə toxunmağın yasaq olduğunu bildirən ifadə.
Bu deyim xalq arasında dolaşan qədim bir əhvalatdan qaynaqlanır.
Bir gün hamama gedən bir kişi yolda dostuna rast gəlir və onu da hamama dəvət edir. Lakin dostu işi olduğunu və ona yalnız hamamın qapısına qədər yoldaşlıq edə biləcəyini söyləyir. Hamama yaxınlaşanda dostu xəbərdarlıq etmədən yolunu dəyişib başqa tərəfə gedir. Təsadüfən bunların dalınca bir oğru da öz işləri üçün hamama gedirmiş. Birdən kişi geri baxır. Artıq hava qaraldığından yanındakının üzünü aydın görmür və onu dostu sanıb qurşağından çıxardığı bir kisə qızılı ona verib deyir ki, hamamdan çıxana kimi qızıllara göz-qulaq olsun. Oğru qızılları alıb kişi hamamdan çıxana kimi qapıda gözləyir.
Kişi hamamdan çıxanda oğru yaxınlaşıb kisəni ona uzadır. Kişi təəccüblə onun kim olduğunu soruşduqda o, oğru olduğunu, kişinin isə qızılları ona əmanət etdiyini xatırladır. Kişi oğrudan qızılları nə üçün aparmadığını soruşur. Oğru isə belə cavab verir:
– Əgər qızılı öz peşəmin köməyi ilə ələ keçirsəydim, qaytarmazdım. Lakin sən alicənablıq edib bunu mənə əmanət etmisən, mən də nanəciblik edib ona xəyanət edə bilməzdim.
Məsəllər, deyimlər