►Niyyətində olduğun, arzuladığın bir işin yaxın gələcəkdə baş tutacağına dair əminliyin olması barədə deyilən ifadə.
İfadə Nəsibə Zeynalovanın iştirakı ilə «Altı qızın biri Pəri» tamaşasındakı dialoqdan qaynaqlanır.
Kolxoz sədrinin arvadı övladı olmayan qızı Naxışı Bakıya xəstəxanaya gətirir. Qızını həkim müayinəsindən keçirib kəndə qayıdır. Arabadan düşəndə kəndin sözgəzdirən, qeybətcil qarısı Cəhrə arvadla qarşılaşır. Hal-əhval tutduqdan sonra Cəhrə arvad müayinələrin nəticələrini soruşur:
– De görüm, qızı həkimə göstərdin, ya yox?
– Göstərdim, qızı yaxşıca işığa salıb baxdı. Kefin istəyən dava-dərman da yazdı.
– Nə dedi, uşağı olacaqmı?
– Dedi olacaq, heç narahat olma!
– Nəyi olacaq: qızı, yoxsa oğlu? – deyə Cəhrə arvad maraqlanır.
– Əlbəttə oğlu! Qız üçün heç bu qədər xərc çəkərdimmi? Mən də həkimə dedim ki, qızımın oğlu olsun, ona fermadan yağlı bir qoç verəcəm.
– Yaxşı demisən, əlbəttə verəcəksən! Bəs həkim nə dedi?
– Həkim dedi, sən elə bil ki, o qoçu yemişəm.
Məsəllər, deyimlər