►Tarixən Böyük Britaniyanın ünvanına işlədilmiş məcazi ifadə, İngiltərənin obrazlı adı.
İfadə Böyük Britaniya adasının daim qatı dəniz dumanı içərisində olması ilə bağlı yaranmışdır.
Əslində, «albion» sözü (lat. «albus» – «ağ», yaxud kelt mənşəli söz olub «dağlıq ada» mənasını verir) elə Britaniya deməkdir. Ehtimala görə, qədim romalılar gəmilərlə La-Manş tərəfdən Britaniya adalarına yaxınlaşarkən sahildəki təbaşirli süxurlardan ibarət qayaların ağ rəngi onları valeh edib, buna görə də latınca «albus» (ağ) sözünə uyğun olaraq buranı «Albion» adlandırıblar.
Bir çox tanınmış yazıçılar əsərlərində Londonun daim qeyri-adi dumanlara bürünməsinin təsvirini veriblər. Bəzi müəlliflər qeyd edib ki, bu dumanlar bəzən o qədər qatı olur ki, şəhərdə hərəkət dayanır, insanlar azmamaq üçün ayaq saxlayırlar. Yazılı mənbələrdə deyilir ki, hələ tarixən bu məsələdə heç bir narahatlıq hiss etməyən adamlar yalnız korlar olur. Qaranlıqda gəzməyə öyrəşdiklərinə görə onlar hətta kor olmayan adamlara yolu tapmaq üçün tez-tez kömək təklif edirlər. İngilislərin fikrincə, Albionu dumanlı adlandırmaq üçün coğrafiyaçıların və qələm adamlarının çox tutarlı əsası olub.
Məsəllər, deyimlər