lat. deportatio – qovulma, sürgün
Ayrıca fərdin, bir qrup şəxsin, bütöv xalqın zorakı yolla ölkə daxilində digər əraziyə sürgün edilməsi və ya ölkə hüdudlarından kənara qovulması.
D. termini ilk dəfə XVIII əsrin sonu – XIX əsrin əvvəlində Fransanın cinayət qanunvericiliyində öz əksini tapıb. Həmin vaxt siyasi cəhətdən etibarsız hesab edilən şəxslər və qatı cinayətkarlar fransız müstəmləkələrinə D. olunublar. Sovetlər dönəmində D. ayrı-ayrı vətəndaşlara və bütöv xalqlara qarşı repressiya forması kimi geniş yayılıb. 1942–1945-ci illərdə bir sıra xalqlar (Krım tatarları, çeçenlər, balkarlar, Məhsəti türkləri, qaraçaylar və b.) öz doğma yerlərindən Sibirə, Orta Asiya və Qazaxıstan çöllərinə sürgün ediliblər. II Dünya müharibəsindən sonra təxminən 12–14 mln. alman Şərqi Avropa ölkələrindən Almaniya və Avstriya ərazisinə D. olunub. Hərçənd 1945-ci ilin avqustunda Nürnberq məhkəməsi D.-nı insanlığa qarşı cinayətlər siyahısına daxil edib.
Tarix terminləri lüğəti