Reklam
Reklam

Məsəllər, deyimlər

DEDİYİNİN ÜSTÜNDƏ DURANDI

Bir şeyin üzərində təkid edən, sözlə kifayətlənməyib bunu əməldə də reallaşdırmağa çalışan adam haqqında kinayə ilə işlədilən ifadə.

İfadə Molla Nəsrəddinlə bağlı lətifələrdən qaynaqlanır.

Bir gün başqa bir kəndə yolu düşən Mollanı kənd adamlarından biri evinə dəvət edib deyir:

– Molla, gedək bizə, duz-çörək kəsək!

Molla razılaşıb gedir. Uzun-uzadı söhbətlərdən sonra süfrə açılır. Molla baxır ki, süfrədə, doğrudan da, duzdan və çörəkdən başqa heç nə yoxdur. Ac olduğundan çarəsiz qalıb başlayır çörəyi duza batırıb yeməyə. Elə bu vaxt qapıya bir dilənçi gəlib pay istəyir. Ev yiyəsi pəncərədən başını uzadıb deyir:

– Rədd ol, yoxsa gəlib qol-qabırğanı qıraram!

Dilənçi əl çəkmir. Bu dəfə Molla başını çölə çıxarıb deyir:

– Get, qardaş, bu adam başqalarına bənzəməz. Yaman dediyinin üstündə durandı.

Əsasən, Türkiyə türkcəsində işlədilən «Nuh deyir, peyğəmbər demir», «Dediyim dedik, çaldığım düdük» deyimləri də bu ifadəyə misal ola bilər.

Məsəllər, deyimlər