Reklam
Reklam

Məsəllər, deyimlər

DAVA YORĞAN DAVASI İMİŞ

►Əsl məqsəd və niyyətini gizlədərək haray-həşir salmağı, istəyinə çatdıqdan sonra isə sakitləşməyi bildirən ifadə.

Bu məsəl Molla Nəsrəddinin bir lətifəsi ilə bağlıdır.

Gecələrin birində Mollanın evinin qabağında hay-küy düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb küçəyə çıxır ki, görsün nə olub. Qarışıqlıqda kimsə yorğanı onun çiynindən çəkib götürür. Qaranlıq olduğu üçün Molla yorğanın hara aparıldığını görmür. Ora yorğan, bura yorğan, «gördüm» deyən olmur. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:

– A kişi, nə hay-küy idi, nə dava idi bayırda?

Molla soyuqqanlıqla deyir:

– Başa düşmədim, deyəsən, dava bizim yorğanın üstündə imiş. Yorğanı apardılar, dava da qurtardı.

Məsəllər, deyimlər