►Hər hansı avtoritar cəmiyyətdə hakimiyyət və kütlə münasibətlərini mənfi qiymətləndirmək üçün işlədilən ifadə.
Latıncadan («Panem et circenses!») alınmış bu ifadənin müəllifi Roma satirik şairi Yuvenal (60–127) hesab olunur.
Qədim dünyanın bu məşhur şairi öz müasirlərini, onların naqisliklərini, mənəviyyat üçün deyil, qarınları üçün yaşadıqlarını davamlı tənqid edirdi. Şair 7-ci satirasında göstərirdi ki, hökmdarın həmin adamları ələ alıb özünə tabe etməsi çox asandır. Həm də bunun üçün çox xərc çəkməyə də ehtiyac yoxdur. Bu iş üçün çörək və əyləncəli tamaşalar kifayətdir. Çünki bu adamların ali məqsədi qarnını doyurmaq və mənasız şeylərlə əylənməkdir.
Həqiqətən, Qədim Romada hakimiyyətə can atanlar belə hesab edirdilər ki, kütləyə pul, ərzaq paylamaqla, onların başını qladiator döyüşü və vəhşi heyvanların qanlı savaşları ilə qatmaqla çox şeyə nail olmaq mümkündür.
Roma tarixində «çörək və tamaşa» siyasətinin ən parlaq nümunələri imperator Neronun hakimiyyəti dövrünə aiddir. Geniş kütlə imperatoru dəstəkləmək müqabilində ondan müftə yemək və pulsuz əyləncə istəyirdi. Həmin dövrdə «çörək və tamaşa» anlayışı plebeylər kütləsinin marağını bir rəmz olaraq ifadə edirdi.
Müasir siyasətdə bu məşhur ifadə daha çox seçki kampaniyasında və populist davranışlardakı mənfi halları təsvir etmək üçün işlədilir.
Məsəllər, deyimlər