►Birinin dərd-sərini bilməməyi, onun probleminə etinasızlıq göstərməyi, başqasının pis vəziyyətindən xəbərdar olmamağı istehza ilə bildirən ifadə.
Bu məşhur ifadənin Fransa kraliçası Mariya Antuanettaya (1755–1793) məxsus olduğu iddia edilir.
1789-cu ildə ac, yoxsul təbəqə çörək tələbi ilə üsyana qalxmışdı. Xəbəri Mariya Antuanettaya çatdıranda o, üsyanın səbəbini soruşur, ona «xalq çörək tapmır» cavabını verirlər. Kraliça isə çiyinlərini çəkir və varlıların kasıb təbəqələrin problemlərinə etinasızlığının simvoluna çevrilmiş «qəribə adamlardır, çörək tapmırlar, pirojna yesinlər» sözlərini deyir.
Araşdırmalara görə, aforizmin kraliçaya bağlanması və Fransa inqilabı dövrünə aid edilməsi tamamilə yanlışdır. Çünki eyni əhvalat böyük yazıçı və filosof Jan Jak Russonun (1712–1778) inqilabdan 30 il əvvəl yazılmış «Etiraf» əsərində təsvir olunur. Russo yazır: «Çörək almaq üçün nə edim?.. Özüm gedə bilmərəm. Belində qılınc gəzdirən sanballı cənab bir tikə çörəkdən ötrü durub dükançının yanına getsin? Olmaz! Axırda bir şahzadə xanımın təklif etdiyi çıxış yolu yadıma düşdü: kəndlilərin çörəksiz qaldıqlarını ona xəbər verəndə şahzadə deyir: «Qoy brioş (fransız pirojnası ) yesinlər» və mən brioş almağa başladım».
Əsərdə şahzadənin kim olduğu göstərilmir. Amma məsələ bundadır ki, Russo həmin sətirləri qələmə alanda (1769) Mariya Antuanettanın cəmi 14 yaşı var idi və o, Avstriyada yaşayırdı. Fransaya isə şahzadə 1770-ci illərin ortalarında, kral XVI Lüdovikə ərə getdikdən sonra gəlmişdi.
Ehtimal ki, Russonun sözləri Fransa inqilabının məlumatlı liderlərindən kiminsə yadına düşüb və o, nifrət bəslədiyi kraliçanı xalqın gözündən daha da salmaq üçün bundan istifadə edib. Mariya Antuanettanın dəbdəbəli həyata, qumara meyli Fransa xəzinəsinə çox baha başa gəlmişdi, kraliça həm də inqilabçılarla qəddar davranmağın tərəfdarlarından idi.
Məsəllər, deyimlər