►Hansısa rəsmi sənədə, yazılı razılaşmaya deyil, «kişi sözü»nə, əxlaq və ləyaqətə əsaslanan sözləşmə.
Deyim «centlmen» sözünün ifadə etdiyi məna çalarları ilə bağlıdır.
Bəzən işgüzar münasibətdə olan ayrı-ayrı şəxslər, şirkətlər, hətta dövlətlər arasında adi öhdəliklər imzalanmadan, sadəcə sözlərə, məsələn, «vicdanlı vəd»ə əsasən qarşılıqlı anlaşma əldə edilir ki, buna «centlmen razılaşması» deyilir. İfadə yüksək kübar cəmiyyətdə zadəganların verdikləri sözə ciddi şəkildə əməl etməsi ilə bağlı yaranmışdır.
«Centlmen» ingilis sözü olub lüğəti mənasına görə «yaxşı nəsildən olan insan», «zadəgan», «kübar» anlamını verir. İngilis cəmiyyətində belə hesab edirdilər ki, yazılı sənədə ehtiyac olmadan zadəganın tək sözünə etibar etmək mümkündür.
İfadə «vicdanlı bağlaşma» mənasında bu gün də işlənir.
Məsəllər, deyimlər