Reklam
Reklam

Məsəllər, deyimlər

ÇAYAŞAĞI AXIDIB ÇAYYUXARI AXTARMAQ

Mümkün olmayan və ya ürəkdən istənilməyən bir işlə məşğul olmaq.

İfadə Anadoluda yaşayan türklərin folklorunda hazırcavablığı ilə tanınmış Nəsrəddin əfəndiyə aid edilən lətifələrdən qaynaqlanaraq yayılmışdır.

Bir gün Nəsrəddin əfəndinin yanına hövlnak gəlib deyirlər ki, böyük fəlakət baş verib: qayınananız paltar yuyarkən çayda batıb. Ha axtarırlar, arvad tapılmır!

Əfəndi tələsik çayın kənarına yürüyür. Qayınanasını paltar yuduğu yerdə deyil, ondan bir qədər yuxarıda axtarmağa başlayır.

– Nə edirsiniz, Nəsrəddin əfəndi, axı çay onu üzüaşağıya aparıb, siz niyə yuxarıda axtarırsınız? – deyə toplaşanlar ondan xəbər alırlar.

Əfəndi axtarışına ara vermədən təmkinlə cavab verir:

– Camaat, siz mənim qayınanamı yaxşı tanımırsınız. O elə inadkar qadın idi ki, deyiləni həmişə tərsinə edərdi. İndi, yəqin ki, suyun altında üzüaşağı yox, üzüyuxarıya tərəf axır. Ona görə də mən onu üzüyuxarıda axtarıram.

Bəzən bu ifadə dilimizdə «səni çayda üzüaşağı axıdıb üzüyuxarı axtarım» şəklində və həm də qarğış kimi işlədilir.

Məsəllər, deyimlər