Reklam
Reklam

Məsəllər, deyimlər

BULANIQ SUDA BALIQ TUTMAQ

►Çətinliklərdən mənfəət güdmək, nizamsızlıqdan, çaxnaşmadan, vəziyyətin aydın olmamasından hiyləgərcəsinə öz xeyrinə istifadə etmək.

İfadə qədim yunan şairi Ezopun bu mövzuda olan təmsilindən qaynaqlanır.

Uzaq keçmişdə balıq tutmaq zamanı, xüsusən kürütökmə dövründə qadağan olunmuş üsullardan biri balığın korlaşdırılması idi. Yəni balığın ən çox gəldiyi su sahəsi müxtəlif üsullarla bulandırılırdı. Hətta bununla bağlı qədim yunan şairi Ezopun torlar ətrafında suyu bulandıraraq kor olmuş balığı oraya salan balıqçı haqqında təmsili vardır. Sonralar ifadə balıq ovu hüdudlarından kənara çıxaraq məcazlaşmış, «aydın olmayan vəziyyətdən mənfəət güdmək» mənasını verməyə başlamışdır.

Bu ifadəyə oxşar deyimə Qədim Roma şairi Ovidinin yaradıcılığında da rast gəlinir. Onun işlətdiyi ifadə latın dilindən hərfi tərcümədə belə səslənir: «Bulanıq suda balığı rahat tutmaq olur».

Belə bir məşhur atalar sözü də var: «Balığı tutmazdan öncə suyu bulandırmaq lazımdır», yəni «mənfəət əldə etmək üçün qəsdən qarışıqlıq yaratmaq» lazımdır.

Məsəllər, deyimlər