►Cavan, təcrübəsiz birisinin özündən yaşlı, təcrübəli adama ağıl, öyüd-nəsihət vermək istəməsinə istehza ilə işlədilən ifadə.
İfadə el arasında yayılmış bir rəvayətdən qaynaqlanır.
«Bir gün ana sərçə öz balalarına sərbəst uçub yem əldə etmək, özlərini insanlardan qorumaq qaydalarını öyrədirmış:
– Baxın, insanlar sərçələri incitmirlər, amma dəcəl uşaqlar bizi tutub qəfəsə salır və oynatmaqdan həzz alırlar. Bizi əllə tutmaq çox çətin olduğundan onlar daş atır, ayağımızı və ya qanadımızı zədələyir, yalnız bundan sonra tuturlar. Odur ki qarşınızda uşaq görəndə diqqətli olun: o, yerə əyilib daş götürmək istəyəndə tez uçub qaçın.
Ananın bu öyüdünü eşidən bala sərçələrdən biri deyir:
– Olmazmı ki, uşaqlar yerə əyiləndə deyil, elə hər dəfə gözümüzə görünəndə qaçaq? Bəlkə, elə o, daşı cibində gizlədərək bizə tərəf gələcək və onun yerə əyilməyə heç ehtiyacı olmayacaq».
Bu alleqorik rəvayətin yaranmasında məqsəd, əslində, adamlara özündən böyüyə hörmətlə yanaşmaq, təcrübəli insanlara dərs keçməmək kimi keyfiyyətlər aşılamaqdan ibarətdir.
Bu ifadə el arasında bəzən «Dünən yumurtadan çıxıb, bu gün bizə cip-cip öyrədir» variantında da işlənir.
Məsəllər, deyimlər