►Ağ yalan danışan birini ifşa etmək, yalan danışdığını sübuta yetirmək məqsədilə işlədilən ifadə.
El arasında zərbi-məsəl kimi status qazanmış bu deyim Molla Nəsrəddinin bir lətifəsindən qaynaqlanır.
Bir gün Molla bazardan 10 girvənkə ət alıb evə göndərir ki, arvadı bir neçə gün bişirsin. Arvad ətin hamısını bişirir və Molladan xəbərsiz qonşu qadınları evə çağırıb qonaqlıq verir. Molla axşam evə qayıdanda kefi kök, böyük bir iştaha ilə özünü içəri salır ki, indi ləzzətli ət xörəyi yeyəcək. Çatan kimi səslənir:
– Arvad, acam, xörəyi gətir, yeyim.
Arvadı süfrə salıb Mollanın qarşısına bir az çörək, bir-iki baş da soğan qoyur. Molla təəccüblə soruşur:
– Arvad, bəs aldığım ətdən niyə bişirməmisən?
Arvad əlini dizinə çırpıb deyir:
– Başıma daş düşsün, ay kişi, əti suya çəkib qoydum taxçaya ki, ocağı yandıram, bir də baxdım, çər dəymiş pişik hamısını yeyib.
Molla heç bir söz demədən ayağa durur. Pişiyi tutub tərəziyə qoyur. Çəkib baxır ki, pişik düz 10 girvənkədir. Üzünü arvada tutub deyir:
– İndi özün insafla de! Bu, pişikdirsə, ət hanı, yox, ətdirsə, bəs pişik hanı?
El arasında bu ifadə ilə eyni məna kəsb edən «Toyuq yumurtlamadı, yumurtlamadı, bəs falı hanı?» deyimi də işlədilir.
Məsəllər, deyimlər