Reklam
Reklam

Məsəllər, deyimlər

BOYKOT ETMƏK

Yol verdiyi yanlış davranışa görə bir və ya bir neçə adamla danışmamaq, saymamaq, məhəl qoymamaq, ünsiyyətdən imtina etmək.

İfadə İrlandiyanın Meyo qraflığının torpaq sahiblərindən birinin müvəkkilinin – iş icraçısının vergiləri artırmasına qarşı çıxan yerli kəndlilərin dinc etiraz hərəkatı ilə bağlı yaranmışdır.

1801-ci ildə İrlandiya müstəqilliyini tamamilə itirdikdən sonra ölkənin katolik kəndliləri muzdlu işçi kimi ingilis protestantlarının torpaqlarında işləyirdilər. Bu torpaq sahibləri isə İngiltərədə yaşadıqlarından İrlandiyada təsərrüfatlarını müvəkkilləri – geniş səlahiyyət verdikləri iş icraçılarının vasitəsilə idarə edirdilər. Müvəkkillər isə özlərini gözə soxmaq, daha çox qazanc əldə etmək, təbii ki, həm də öz iş yerlərini qoruyub-saxlamaq barədə düşünür və buna görə də irlandiyalıları son pennilərinə qədər soyurdular.

1879-cu ildə ölkə aclıq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Meyo qraflığının torpaq sahiblərindən birinin müvəkkili olan keçmiş zabit Çarlz Kanninghem Boykot icarə haqqını aşağı salmaqdan boyun qaçırır. O, torpaqları yerli kəndlilərin əlindən alıb başqalarına verməyə, vergini ödəməyən və işə çıxmaqdan imtina edən icarədarları həmin ərazidən köçürməyə cəhd göstərir.

Məsələ o qədər böyüyür ki, ölkə parlamenti də buna münasibət bildirməli olur. İrlandiyanın parlamentdəki nümayəndə heyətinin başçısı Ç.Stüart Parnell inadkar müvəkkili «ağıllandırmaq» üçün zorakı üsullara əl atmamağa, sadəcə onunla ünsiyyəti kəsməyə çağırır. Bu çağırışa cavab olaraq hamı inadkar müvəkkili boykot etməyə başlayır: görəndə salam vermir, ünsiyyətə girmir, ona arxa çevirir. İnsanlarla ünsiyyətdən məhrum olan Ç.Boykot, bir növ, sosial vakuuma düşür, nəticədə belə münasibətə dözə bilməyib İrlandiyanı tərk etməli olur.

Qəribə olsa da, sonda İngiltərə parlamenti İrlandiyadakı vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görmək məcburiyyətində qalır. O vaxtdan «boykot» sözü bir adam və ya bir qrup insanla danışmamağı bildirmək məqsədilə işlədilir.

Məsəllər, deyimlər