►Boran və çovğunun güclü, yağan qarın aramsız olduğunu bildirən ifadə.
İfadә Azərbaycan xalq dastanı olan «Әsli vә Kərəm»də yer almış bir qoşmadan qaynaqlanır.
Dastanda nəql olunur ki, Kәrәm öz lәlәsi Sofi ilə birlikdә Әslini axtara-axtara gedib Әrzuruma çıxır. Burada ara verməyən güclü çovğun və şiddətli borandan çox әziyyәt çәkirlər. Bu yerdə Sofinin dilindәn verilən bir qoşmada deyilir:
Әrzurumun gədiyinə varanda
Onda gördüm birəm-birəm qar gəlir.
Dedim, Kərəm, gәl bu yoldan qayıdaq,
Gördüm xan oğludur, ona ar gəlir.
Təbii ki, burada əsas məsələ «birəm-birəm» ifadəsi ilə bağlıdır. Yəni burada «bir» sözünün təkrarı, әslindә, «birәr-birәr» olmalıdır, lakin danışıq dilindә dissimilyasiya qanununun tәsiri ilə «birəm-birəm» şәklini almışdır.
Artıq dildə işləklik qazanmış «birəm-birəm» ifadəsinə müxtәlif yerlәrdə «birәr-birәr», «birən-birәn», «bürəm-bürәm», «burum-burum» (qar gәlir) şәklindә dә tәsadüf edilir; məsələn, elə adıçəkilən dastanda Kәrəmin dilindәn verilən başqa bir qoşmada «onda gördüm burum-burum qar gəlir» ifadəsi işlədilir.
Məsəllər, deyimlər