►Ölkə içərisində xarici dövlətlərə xidmət edərək hər an təhlükə törədə bilən qruplara, casuslara, gizli agentlərə aid edilən ifadə.
İfadə XX əsrin 30-cu illərinin sonlarında İspaniyada başlamış vətəndaş müharibəsi illərində yaranmışdır.
«Beşinci kolon» general Frankonun 1936–1939-cu illərdə İspaniya Respublikasında vətəndaş müharibəsi zamanı fəaliyyət göstərən casusluq təşkilatının adıdır. Hazırda bu termin altında geniş mənada düşmənin istənilən məxfi casusu (təxribatçılar, casuslar, terrorçular, təhrikçilər) başa düşülür.
«Beşinci kolon» termininin müəllifi vətəndaş müharibəsi zamanı frankoçular ordusuna başçılıq edən general Emilio Mola hesab edilir. O, 1936-cı il oktyabrın əvvəllərində Madridə hücumu zamanı paytaxt sakinlərinə radio vasitəsilə müraciətində həvaləsindəki dörd ordu kolonundan savayı, Madridin özündə yerləşən və həlledici məqamda daxildən zərbə endirəcək beşinci kolonun da onun ixtiyarında və əmrə müntəzir dayandığını bildirmişdi.
«Beşinci kolon» vahimə yayır, təxribatla, casusluqla məşğul olurdu. Buna görə də E.Mola jurnalistlər qarşısında lovğalanaraq şəhərin tezliklə təslim olacağını bildirirdi. O rəhbərlik etdiyi dörd dəstənin Madridə doğru irəlilədiyini və lazım olan vaxt şəhərdə Frankoya rəğbət bəsləyənlərdən ibarət beşinci dəstənin də hərəkətə keçəcəyini bəyan edirdi. Lakin Mola səhv edirdi. Beşinci dəstə ya orada yox idi, ya da ki hərəkətə keçmədi. Madrid hələ iki il yarım üsyançılara müqavimət göstərdi. «Beşinci dəstə» kəlamı isə «arxada düşmənlə gizlicə əlbir olan, ona rəğbət bəsləyən satqın qrup» mənasında dilə düşdü.
H.Tomasın fikrincə, E.Moladan bir neçə həftə öncə bu ifadəni baron Sent-Osvald işlətmişdir. O dövrdə İspaniyada müxbir işləyən E.Nolte özünün «Faşizm onun dövründə» adlı kitabında bu söz birləşməsinin tarixini Mussolini ilə bağlayır. Belə ki, Mussolini hələ I Dünya müharibəsi zamanı Almaniyanın Mərkəzi Dövlətlər İttifaqı rəqiblərinin arxa cəbhəsində yaratdığı «beşinci kolon»dan bəhs etmişdi.
Məsəllər, deyimlər