►Böyük pullardan söhbət getdiyi halda kasıbın öz halal haqqı olan kiçicik bir məbləği ala bilmədiyinə işarə ilə işlədilən ifadə.
Dillər əzbəri olan bu ifadə Üzeyir Hacıbəylinin «O olmasın, bu olsun» operettasından qaynaqlanır.
Gülnazı görmək istəyən Məşədi İbad hasardan boylanmaq üçün bir abbasıya hambal tutub onun belinə çıxır. Qızı kasıb tələbə Sərvərlə birlikdə görən Məşədi İbad hirsindən ayağının altındakı hambalı təpikləməyə başlayır. Bundan sonra hambal belinin şikəst olduğunu əsas gətirib Məşədi İbaddan əlavə bir abbası da tələb edir, lakin xəsis tacir ona pul vermir. Əsərboyu Həsən bəy, Rza bəy, qoçu Əsgər və başqaları Məşədi İbaddan pul aldıqca hambal hər dəfə təkrar edir: «A Məşədi, bu qədər xəlqə pul paylayırsan, mənə də bir abbası ver, belimi sındırıbsan!»
O vaxtdan etibarən zərbi-məsələ çevrilmiş bu deyim haqsızlıq olan yerdə kasıb, sadə adamın öz haqqını ala bilmədiyini ifadə edir. İstər el arasında, istərsə də ədəbiyyatda və publisistikada bu ifadədən geniş istifadə olunur.
Məsəllər, deyimlər