►Kömək əvəzinə problem, çətinlik yaradan uğursuz xidmət, xeyirxah niyyətlə başlanan, lakin çox zərərlə, ziyanla nəticələnən davranışlar barədə istehza ilə işlədilən ifadə.
İfadə Asiya xalqları arasında mövcud olan əhvalatla bağlı yaranmışdır.
Bir gün bir ovçu meşədə dəhşətli ayı nəriltisi eşidir. Səs gələn tərəfə gedib görür ki, ayının ayağı armud ağacının haçasına ilişib və ha çalışırsa, çıxa bilmir. Ovçu qorxmadan irəli atılır və ayını xilas edir.
Ovçuya minnətdar olan ayı isə yüksək sədaqət göstərərək onunla hər yerə gedir, onu incidəni döyür, çöl işlərində bacardığı kimi kömək edir, günorta yatanda milçəyini qovurmuş. Bir gün ayı yatmış sahibinin alnına qonan qara milçəyi bir neçə dəfə qovur. Zəhlətökən milçək hər dəfə yenə qayıdıb eyni yerə qonur. Axırda bərk əsəbiləşən ayı böyük daşla vurub milçəyi (yəni sahibini də) öldürür.
Hazırda publisistik yazılarda və şifahi çıxışlarda geniş işlənən bu frazeoloji ifadə yuxarıdakı əhvalatı nəzmə çəkən rus təmsilçisi A.Krılovun «Ayı və çöllü» əsərindən sonra populyarlaşmışdır. Əslində isə bu təmsilin süjeti hind əhvalatlarından götürülmüşdür və orada ayı əvəzinə meymundan bəhs edilir.
İfadənin dilimizdə «qaş düzəltdiyi yerdə vurub gözünü çıxarmaq» kimi sərrast qarşılığı da vardır.
Məsəllər, deyimlər