Reklam
Reklam

Məsəllər, deyimlər

AMERİKA AÇMAQ

►Çoxdan vә hamıya mәlum olan bir hәqiqәti, hadisəni, mәsәlәni yenilik kimi tәqdim etmәk istәyәnlәrә qarşı istehza vә kinayә ilə işlәdilən ifadə.

İfadə Amerika qitəsinin kəşfi ilə əlaqədar yaranıb yayılmışdır.

Tarixdən bəllidir ki, Hindistana ən yaxın dəniz yolunu tapmaq məqsədilə səyahətə çıxmış Xristofor Kolumb (1451–1506) tam təsadüf nəticəsində 1492-ci ildə Amerika qitəsini kəşf etmişdi. Gəmilər Amerika torpağına yan aldıqda o, Hindistanın şərq sahillərinə çatdığını güman etmişdi. Bunun nəticəsidir ki, ölkənin yerli əhalisinə hindu deyilir.

Amerika qitəsi, əslində, Kolumbdan çox-çox əvvəl bir sıra xalqlara məlum olmuşdur. İrlandiyalılar 565-ci ildən, Skandinaviya xalqları X əsrdən Amerikanı tanıyırdılar. Çinlilər isə daha qədimlərdə bu torpağı kəşf etmişdilər. Bütün bunlara baxmayaraq Amerika qitəsi nə Kolumbun, nə də başqa dənizçilərin adı ilə deyil, Yeni dünyaya (əvvəllər Amerika qitəsi belə adlandırılırdı) bir neçə dəfə səyahət edən Ameriqo Vespuççinin (1451–1512) adı ilə adlandırılmışdır. Florensiyalı dənizçi Ameriqo Vespuççi ilk dəfə 1499-cu ildə oraya getmiş və vətənə qayıtdıqdan sonra ayaq basdığı yerlərin Hindistan yox, yeni qitə olduğunu bildirmişdir. Coğrafiyaçılar dərnəyi 1507-ci ildə həmin torpağı «Ameriqo torpağı» adlandırmağı qərara almışdı.

Nәhayәt, tarix elmi son illәr belә bir ehtimal irəli sürür ki, Amerika qitәsinә insanlar ilk dәfә iyirmi min il әvvәl Asiyadan gedib çıxmışlar. O zaman Amerika ilә Asiya arasında quru torpaq yol varmış, sonralar bu torpaq çökmüş vә Berinq boğazı meydana gәlmişdir.

«Amerika açmaq» ifadəsinin qarşılığı kimi bəzən dilimizdə «velosiped icad etmək» ifadəsi də işlədilir.

Məsəllər, deyimlər