1899–1949-cu illərdə ABŞ-ın Çinə münasibətdə yeritdiyi siyasət.
A.Q.D.-nın əsas müddəaları ABŞ dövlət katibi C.Heyin (John M. Hay) 1899-cu ildə Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Fransa və Yaponiya hökumətlərinə göndərdiyi notalarda əksini tapıb. Doktrinanın mahiyyətini Çin ərazisində azad ticarət və kapitalın sərbəst hərəkəti prinsipinin tətbiqi təşkil edib. Doktrinanın meydana çıxmasına səbəb XIX əsrin sonunda Çinin Britaniya, Almaniya, Rusiya, Fransa və Yaponiya tərəfindən nüfuz dairələrinə bölünməsi olub. Artıq o zaman dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan ABŞ bu bölgüdən kənarda qaldığı üçün “ədalətsizliyi” aradan qaldırmaq və Amerika kapitalına Çin bazarına daxil olmaq imkanı yaratmaq məqsədilə A.Q.D-nı irəli sürüb. Doktrina Avropa dövlətləri və ABŞ üçün Çinlə ticarətdə bərabər şərtlərin müəyyənləşdirilməsini, ilk növbədə, hansı ölkədə istehsal olunmasından asılı olmayaraq bütün mallara eyni gömrük rüsumlarının tətbiq edilməsini nəzərdə tutur.
Tarix terminləri lüğəti