Milləti ictimai birliyin ali forması, habelə dövlət quruculuğu prosesinin ilkin şərti hesab edən ideologiya və siyasi cərəyan.
M. müəyyən milli toplumun maraqlarının müdafiəçisi rolunu oynayır. Öz millətinə sadiqlik, onun siyasi müstəqilliyi, maddi və mənəvi yüksəlişi uğrunda mübarizə bu ideologiyanın mahiyyətini təşkil edir. Böyük Fransa inqilabından bəri Avropada, XX yüzillikdə isə dünyanın digər bölgələrində hakim ideologiyaya çevrilən M. çoxsaylı milli dövlətlərin yaranması prosesinin əsasını qoyub. Tarixi təcrübə göstərir ki, cəmiyyətin müxtəlif sosial təbəqələri arasındakı bütün ziddiyyətlərə baxmayaraq, M. ideologiyası onları ümumi milli ideallar uğrunda mübarizəyə səfərbər edə bilir. Dünyanın müstəmləkə əsarəti altında olan bölgələrində milli azadlıq hərəkatları, bir qayda olaraq, M. bayrağı altında baş qaldırıb. Müasir Türkiyə və Azərbaycan dövlətlərinin təşəkkülündə əsas rol oynamış atatürkçülük və müsavatçılıq ideologiyaları M.-in formalarından sayılır. Lakin M.-in bir xalqın digərləri üzərində üstünlüyünü bəyan edən ifrat radikal formaları da (faşizm, şovinizm və s.) mövcuddur. Bununla belə, bütövlükdə M. ideologiyasında demokratik ünsürlər üstünlük təşkil edir.
Tarix terminləri lüğəti