ital. facismo < fascio – dəstə, birlik
İfrat sağ təmayüllü siyasi hərəkat, ideologiya və onlara uyğun totalitar tipli idarəetmə forması.
Militarizm, ksenofobiya, şovinizm, habelə demokratiya və liberalizmin bütün təzahürlərinin son dərəcə sərt zorakı üsullarla məhv edilməsi, ictimai-siyasi həyatda açıq terrorun tətbiqi, etatizm, ucuz populizm və az qala müqəddəsləşdirilmiş mistik rəhbərin hakimiyyəti F.-in səciyyəvi xüsusiyyətləridir. Məhdud mənada “F.” termini XX əsrin 20–40-cı illərində İtaliya və Almaniyada, müvafiq olaraq B.Mussolini və A.Hitlerin başçılığı altında mövcud olmuş totalitar siyasi rejimlər haqqında işlənir. F. ideologiyasına əsaslanan ilk siyasi təşkilatlar məhz İtaliyada 1919-cu ildə yaranıb. F.-in bir çox cizgiləri ifrat sağ və sol təmayüllü milli hərəkatlarda da özünü büruzə verir. Totalitar ideologiya və idarəetmə metodlarına əsaslanan bəzi siyasi rejimlər – stalinizm, maoizm və s. də F.-ə yaxın hesab olunur.
Tarix terminləri lüğəti