ər. – ağ qul, əsir
Misirdə Əyyubilər sülaləsi (1171–1250) hökmdarlarının seçmə qoşun dəstələrini təşkil edən döyüşçü-qullar.
M., əsasən, türklər, gürcülər, çərkəzlər və digər Qafqaz xalqlarından ibarət olublar. Sayı təxminən 9-12 minə çatan M.-ə 24 bəy başçılıq edib. Məmlük bəyləri ən yaxşı torpaqlara sahib olublar, gömrükdən gələn gəlirlərə, bəzi dövlət müəssisələrinə və s.-yə nəzarəti ələ alıblar. 1250-ci ildə M.-in başçıları Əyyubilər sülaləsini devirərək hakimiyyətə gəliblər. M. Suriyada (1516-cı ilədək) və Misirdə (1517-ci ilədək) müstəqil hökmranlıq ediblər. 1516–1517-ci illərdə Suriya, Fələstin və Misiri fəth edən Osmanlı sultanı I Səlim onların hakimiyyətinə son qoyub. Lakin bu məğlubiyyətə baxmayaraq, Misir torpaqlarının bir hissəsi məmlük feodallarının nəzarətində qalıb və onlar Osmanlı xəzinəsinə vergi ödəyiblər. XVII əsrdə Osmanlı dövlətinin zəifləməsi M.-ə hakimiyyətə qayıtmaq imkanı verib. Yalnız Misir paşası Məhəmməd Əlinin dövründə (1805–1848) torpaqlar M.-dən alınıb (1808), məmlük bəyləri isə məhv edilib (1811).
Tarix terminləri lüğəti