fr. essai – cəhd, sınaq
Konkret bir mövzu ilə bağlı müəllifin fikir və mülahizələrini əks etdirən nəsr əsəri.
Esse ədəbi-tənqidi, fəlsəfi, tarixi-bioqrafik, elmi-kütləvi məzmuna malik ola bilər. Onu digər janrlardan fərqləndirən əsas cəhət müəllifin qoyulmuş problemə subyektiv və orijinal yanaşması, yazının mühakimə xarakterli olmasıdır. Burada müəllif onu düşündürən problemə münasibətini bildirərkən ifadə tərzinin sistemli, ardıcıl, gəldiyi nəticələrin hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır. Essedə nəqli xarakterli fakt və hadisələr də öz əksini tapa bilər, lakin oçerkdən fərqli olaraq burada faktların nəqli müəllifin mühakimələrini əsaslandırmağa xidmət edir. Essenin üslubu öz sərbəstliyi, individuallığı, səmimiliyi ilə seçilir və bəzən danışıq üslubuna yaxın olur. Bununla yanaşı, essenin əsas məziyyəti fikirlərin aforistik, obrazlı şəkildə ifadə edilməsi, mühakimələrin təsdiq və ya təkzibi üçün tez-tez başqa mütəfəkkirlərin fikirlərinə istinad olunmasıdır. Şərq didaktik ədəbiyyatının bir çox nümunələrində (“Qabusnamə”, “Əxlaqi-Nasiri”, “Gülüstan”, “Bustan” və s.) essenin elementlərinə rast gəlmək mümkündür. Lakin müstəqil janr olaraq esse fransız yazıçısı və filosofu M.Montendən sonra formalaşıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti