fr. balance – tərəzi
1. Jurnalist materialında əks etdirilən fərqli fikir, baxış və mövqelər arasında nisbət, habelə bu nisbətin cəmiyyətdəki real vəziyyətə uyğunluğu.
B. – cəmiyyətdəki plüralizmin, çoxsəsliliyin mediada adekvat təzahürüdür: jurnalistlərdən toplumda hər hansı problemə, hadisəyə dair hakim baxışla yanaşı, fərqli və tamamlayıcı mövqelərə də lazımi diqqət yetirmək tələb olunur. B.-ın qorunması jurnalist materialının keyfiyyətini müəyyənləşdirən ən mühüm amillərdən biri, KİV-in obyektivliyinin, bitərəfliyinin, qərəzsizliyinin əsas göstəricilərindəndir. Seçkilərin, digər iri siyasi kampaniyaların, münaqişələrin işıqlandırılması zamanı hər hansı KİV-in B.-ı pozması onun qeyri-professional davranışının, obyektivlik prinsipinə əməl etməməsinin göstəricisidir.
2. Müxtəlif mənbələrdən gələn səslər arasında onların ahəngdarlığını təmin edən nisbət.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti