XIII əsrdə Kiçik Asiyada yaranmış islam dini təriqətlərindən biri, sufi ordeni.
B. islam (əsasən, şiə məzhəbi) və xristian dinlərinin müxtəlif ünsürlərini özündə birləşdirib. Təriqətin banisinin Vəli Bəktaşi (1242–1337) olduğu ehtimal edilir. Dünyanı müqəddəs üçlük – Allah, Məhəmməd və Əli vasitəsilə qavrayan bəktaşilərin şərab, çörək və pendirdən ibarət ritual yeməkləri olub. Folklorda B. tərəfdarları, adətən, şəriət normalarına əməl etməyən azadfikirli insanlar kimi təsvir edilir. B. Türkiyə, Albaniya və Bosniyada geniş yayılıb. O, yeniçərilərin ideoloji təlimi hesab olunub. Yeniçərilər korpusu 1826-cı ildə ləğv edildikdən sonra B. ordeni rəsmən qapansa da, əslində, 1925-ci ilədək Türkiyədə fəaliyyət göstərib. Həmin ildə Atatürkün qərarı ilə birdəfəlik bağlanıb və təriqət üzvlərinin əksəriyyəti Albaniyaya mühacirət etməli olub.
Tarix terminləri lüğəti