Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

anastrofa

yun. anastrephein – baş-ayaq qoymaq

Üslubi fiqur: cümlə tərkibindəki sözlərin əvvəlcə düz, sonra əks sıra ilə düzülüşü.

A.-da birləşmənin mənasına xələl gəlmir, sadəcə, nitqin ekspressivliyi artır; məs.: Altdan geyinib, üstdən qıfıllandı, üstdən geyinib, altdan qıfıllandı. A. folklor dilində və klassik şeirimizdə geniş yayılıb; məs.: Başdan ayağa, ayaqdan başa. Qırıldıqca yorulduq və yorulduqca qırıldıq (M.Ə.Sabir). Müxənnət zamana, bimürvət fələk, Şamı sübhə, sübhü şama çəkirsən (Aşıq Ələsgər). Bəzi hallarda isə A. yaradan nitq vahidlərinin sintaktik funksiyalarının dəyişməsi onların ifadə etdiyi mənanı da dəyişdirir:

Azərbaycan özü boyda bir ocaqdır.

O yandıqca yaşayacaq,

Yaşadıqca yanacaqdır. (Nəriman Həsənzadə)

A.-dan doğru və yanlış fikirlər arasında ziddiyyəti daha qabarıq nəzərə çatdırmaq məqsədilə istifadə olunur. Bu halda təkririn növü sayılan A. antiteza kimi çıxış edir. Yemək üçün yaşamaq deyil, yaşamaq üçün yemək lazımdır (Sokrat). Elmi ədəbiyyatda bəzən A. əvəzinə “antimetabola”, “çarpazlama”, xiazm terminləri də işlədilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti