ər. səlib – xaç
1096–1270-ci illərdə Fələstindəki müqəddəs yerləri müsəlmanların hakimiyyətindən azad etmək pərdəsi altında Qərbi Avropa feodallarının Yaxın Şərqə işğalçılıq yürüşləri.
XI əsrin sonlarında səlcuqların Kiçik Asiyada bir çox Bizans əyalətlərini və Qüdsü tutması S.Y.-nin başlanmasına rəvac verib. Katolik kilsəsi “İsa Məsihin qəbrini” azad etmək adı ilə bu yürüşlərə güclü dəstək göstərib. Təqribən 200 il ərzində Yaxın Şərqə 8 böyük və çoxlu sayda xırda yürüşlər təşkil olunub. 1095-ci ildə papa II Urbanın elan etdiyi birinci səlib yürüşünə (1096–1099) 100 minədək adam qoşulub. Həmin yürüş 1099-cu ildə Qüdsün tutulması və burada Qüds krallığının yaradılması ilə nəticələnib. İkinci (1147–1149) və üçüncü (1189–1192) S.Y. nəticəsiz bitib. 1199-cu ildə papa III İnnokenti tərəfindən elan olunmuş dördüncü səlib yürüşünün (1202–1204) iştirakçıları isə, əvvəl nəzərdə tutulduğu kimi, Misirə deyil, Dalmasiya və Bizans ərazisinə hücum ediblər. Burada onlar Bizansın paytaxtı Konstantinopol da daxil olmaqla bir sıra xristian şəhərlərini ələ keçirərək qarət ediblər və həmin ərazilərdə Latın imperiyasını yaradıblar. Misirə qarşı təşkil olunan beşinci yürüş (1217–1221) də nəticəsiz bitib. Altıncı səlib yürüşünün (1228–1229) iştirakçıları yenidən Qüdsü tutmağa nail olublar, lakin 1244-cü ildə şəhər müsəlmanlar tərəfindən geri alınıb. Misirə yeddinci yürüş (1248–1254) və Tunisə qarşı təşkil olunmuş səkkizinci yürüş (1270) tam iflasa uğrayıb. 1291-ci ildə səlibçilər bu yürüşlərdə ələ keçirdikləri bütün torpaqları itiriblər. Həm avropalılar, həm də müsəlmanlar tərəfindən böyük insan itkiləri ilə müşayiət olunan S.Y. eyni zamanda Avropaya Şərqin texniki, təsərrüfat, mədəni-məişət nailiyyətlərindən bəhrələnmək imkanı verilib.
Tarix terminləri lüğəti