Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ARSLAN türk.

arslan sözü şir, aslan mənasındadır. Aslan adının qədim formasıdır.

Türk qəbilələrindən olan Qaraxanilərdə, həmçinin Səlcuqlarda titullarla da işlənməsinə rast gəlinir. Qızıl Arslan, Alp Arslan və s. Bununla yanaşı qeyd etməliyik ki, Arslan adına- VIII əsr ərəb məxəzlərində də təsadüf edilir. VII-VIII əsrlərə aid edilən “Kitabi-Dədə Qorqud” dastanlarında surətlərdən birinin adı Qara Arslan Məlikdir. Tarixi mənbələrdə qeyd edilir ki, Arslan şah Səlcuq hökmdarı Sultan Məsudun (1135-1152) qardaşı II Toğrulun oğlu olmuşdur. II Toğrulun ölümündən sonra Sultan Məsud Eldəgizi azyaşlı oğlu Arslan şahın atabəyi təyin etmiş və Arana göndərmişdir. Atabəy Eldəgizin Arslan şahın İraqda sultan olmasında özünəməxsus xidmətləri olmuşdur. Əvvəllər müstəqi ad kimi, həmçinin titullarla işlənən Arslan hazırda dilimizdə çox nadir hallarda təsadüf edilən adlardandır. Əsasən Aslan (bax: ad – ASLAN) kimi işlənir. Bu gün həm Arslan, həm də Aslan adları rəsmi adlar olsa da, Arslan antroponimi şifahi danışıqda Aslan kimi tələffüz edilir. Qeyd etmək lazımdır ki, dünya dillərinin əksəriyyətində ya aslan, ya da aslanla əlaqəli isim, sifət bildirən adlar var. Məsələn, alman dilində Lion, fransız dilində Lion, ingilis dilində Li, Lion, Lyon, Lionell, Lyonell, ərəb dilində Əsəd (bax: ad – ƏSƏD), Heydər (bax: ad – HEYDƏR), rus dilində Lev və s. Rus dilində bu gün də mövcud olan Ruslan adı da Arslan adındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti