heydar sözündən olub, Azərbaycan dilində aslan, şir anlamlarını ifadə edir. Heydər kişi adı Aslan (bax: ad – ASLAN), Əsəd (bax: ad – ƏSƏD) şəxs adları ilə sinonimdir. İslam dinində xəlifə Əlinin (bax: ad – ƏLİ) ləqəblərindən biridir. Məcazi mənada çox güclü, cəsur mənasındadır.
Azərbaycanda adın daşıyıcıları arasında xalqımızın tarixində milli lider kimi şərəfli ada layiq görülmüş Əliyev Heydər Əlirza oğlu (1923-2003) Azərbaycanın görkəmli dövlət xadimi, müstəqil Azərbaycan Respublikasının üçüncü prezidenti olmuşdur. Məlum olduğu kimi, xalqımızın, eləcə də dövlətimizin qarşısında müstəsna tarixi xidmətləri olan ümummilli lider Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə dövrünün ən nüfuzlu təltiflərindən hesab edilən Lenin ordeni, “Qırmızı Ulduz“ ordeni və çoxlu medalla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. Adın daha bir daşıyıcısı, Azərbaycanın görkəmli ziyalılarından olan Heydər Hüseynov (1908-1950) görkəmli ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmələri doktoru, professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü, iki dəfə o dövrdə ən yüksək mükafat hesab edilən Stalin mükafatı laureatı olmuşdur. Azərbaycanda tarix, həmçinin fəlsəfə elminin inkişafında çox böyük xidmətləri olan, respublikamızda tərcümə məktəbinin əsasını qoyan, eləcə də ilk azərbaycanca-rusca və rusca-azərbaycanca lüğətin redaktorlarından olan Heydər Hüseynov eyni zamanda Bəhmənyar, N.Gəncəvi, A.Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi elmi araşdırmalar aparmışdır. Azərbaycanda Heydər şəxs adı ilə əlaqədar toponimlər də mövcuddur. Azərbaycan ərazisində Heydər antroponimi ilə bağlı Heydərli kəndi Gədəbəy r-nunun Şəkərbəy i.ə.v.-dədir. Yaşayış məntəqəsini XIX əsrin sonlarında Gədəbəyin Dikdaş kəndindən köçüb gəlmiş Heydarli nəslinə mənsub ailələrin saldığı ehtimal edilir. İranda M.Şəhriyarın “Heydərbaba” şeirindən tanıyıb-sevdiyimiz Heydərbaba dağı vardır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti