Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DOSTƏLİ fars.

mürəkkəb adların tərkibində işlənən dost sözü və ərəb. Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dostəli (bax: ad – DOST; ƏLİ) kişi adı Əlinin dostu, Əliyə dost olan mənasındadır. Son dövrdə məişətimizdə müşahidəediləcək dərəcədə azalmış şəxs adlarındandır. Demək olar ki, Dostəli bu gün artıq soyadlarda yaşayan kişi adları sırasına keçməkdədir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DOSTƏMİ fars.

mürəkkəb adların tərkibində işlənən dost və azərb. ami sözlərinin birləşməsindən yaranmışdır. Dostəmi (bax: ad – DOST; ƏMİ) kişi adı dost kimi olan əmi mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adlarından olan Dostəmi bu gün yalnız soyadlarda yaşayan kişi adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DOSTU fars.

dost (III şəxs məns. şək.) sözündəndir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Dostu (bax: ad – DOST) kişi adı müraciət formasından formalaşmışdır. Məişətimizdə köhnəlmiş şəxs adları sırasında olan Dostu bu gün yalnız soyadlarda, həmçinin mürəkkəb adların tərkibində yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DUMAN azərb.

duman sözündəndir. Duman sözünün həm həqiqi, həm də məcazi mənaları vardır. Adətən lüğətlərdə Duman kişi adının tutqunluq, bulanıqlıq, kədər, anlaşılmazlıq mənasını ifadə etməsi ilə bağlı şərhlərə rast gəlirik.

 

Qeyd etmək lazımdır ki, Duman Azərbaycan antroponimikasında qədim şəxs adları sırasındadır. Hələ “Oğuznamə”lərdə rast gəlinən Duman (Tuman) adının verilmə səbəbi Dədə Qorqudun dili ilə belə izah edilir: “Duman qaranlıq olsa da, otlar üçün çox faydalı olan nəmlik zamanı yaranır. Bu uşağın atasının ölümüylə xalqın könlü qəmlə dolmuş, ətrafı duman almış və qaranlıq bürümüşdü. Ancaq ümid edə bilərik ki, bunlar keçəcək, günəş doğub dünyaya bir yenilik gətirəcək, otlar çoxalacaq və hamının işi düzələcəkdir. Bu səbəbdən Duman adını qoyduq”. Folklorumuzda dumanın yenilik, təzəlik, xeyir-bərəkət rəmzi kimi işlənməsinə aid nümunələr çoxdur. Yalnız müşahidələrə sığınmalı olan ilk əməkçi insanlar tərəfindən yaranan folklor nümunələri sırasında Qıç dumanı qar gatirar, yaz dumanı bar kimi ifadələr bugünə qədər yaşayır. Yəqin ki, övladına Duman adı qoyan insanlar sözün yenilik, təzəlik, xeyir-bərəkət mənasını əsas götürmüşlər. Duman adı bu gün məişətimizdə geniş yayılmış adlar sırasında olmasa da, kifayət qədərdir. Azərbaycan antroponimikasında tərkibində Duman adının iştirak etdiyi mürəkkəb kişi adları da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti