Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

DUMAN azərb.

duman sözündəndir. Duman sözünün həm həqiqi, həm də məcazi mənaları vardır. Adətən lüğətlərdə Duman kişi adının tutqunluq, bulanıqlıq, kədər, anlaşılmazlıq mənasını ifadə etməsi ilə bağlı şərhlərə rast gəlirik.

 

Qeyd etmək lazımdır ki, Duman Azərbaycan antroponimikasında qədim şəxs adları sırasındadır. Hələ “Oğuznamə”lərdə rast gəlinən Duman (Tuman) adının verilmə səbəbi Dədə Qorqudun dili ilə belə izah edilir: “Duman qaranlıq olsa da, otlar üçün çox faydalı olan nəmlik zamanı yaranır. Bu uşağın atasının ölümüylə xalqın könlü qəmlə dolmuş, ətrafı duman almış və qaranlıq bürümüşdü. Ancaq ümid edə bilərik ki, bunlar keçəcək, günəş doğub dünyaya bir yenilik gətirəcək, otlar çoxalacaq və hamının işi düzələcəkdir. Bu səbəbdən Duman adını qoyduq”. Folklorumuzda dumanın yenilik, təzəlik, xeyir-bərəkət rəmzi kimi işlənməsinə aid nümunələr çoxdur. Yalnız müşahidələrə sığınmalı olan ilk əməkçi insanlar tərəfindən yaranan folklor nümunələri sırasında Qıç dumanı qar gatirar, yaz dumanı bar kimi ifadələr bugünə qədər yaşayır. Yəqin ki, övladına Duman adı qoyan insanlar sözün yenilik, təzəlik, xeyir-bərəkət mənasını əsas götürmüşlər. Duman adı bu gün məişətimizdə geniş yayılmış adlar sırasında olmasa da, kifayət qədərdir. Azərbaycan antroponimikasında tərkibində Duman adının iştirak etdiyi mürəkkəb kişi adları da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti