Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

AQŞİN ərəb.

aqçin sözündəndir. Qeyd etmək lazımdır ki, dilçilikdə Aqşin adının etimologiyası barədə müxtəlif fikirlər mövcuddur. B.Abdullayevə görə, ağtəhər, ağ kimi, ağüzlü, ağçöhrəli mənasındadır.

Yəni Aqşin şəxs adı gözəllik anlamını ifadə edir. Aqşin şəxs adı ilə əlaqədar M.Adilov və A.Paşayev sözünün böyük, çin sözünün qurd mənasında olduğunu göstərirlər. Bu da qədim türk antroponimikasında qurda tapınma, qurda inam ilə əlaqədar antroponimik vahidlərlə bir sistem təşkil edir. Bir çox

tədqiqatlarda isə Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatını yatıran ərəb sərkərdəsi Afşinin (bax: ad – AFŞİN) adının dəyişmiş forması kimi qeyd edilir. Nədənsə bu fikrin tərəfdarları çoxluq təşkil edir. Afşinin çox güclü, tədbirli sərkərdə olması barədə tarixi faktlar da mövcuddur. C.Cabbarlı “Od gəlini” əsərində Afşinin adını Aqçin kimi işlətmişdir. O.Mirzəyevin ”Adlarımız” kitabında məşhur filoloq, alim Cəfər Xəndana istinad edilən belə bir məlumata rast gəlirik ki, “C.Cabbarlı Babək ilə əlaqədar materiallarla tanış olarkən bir dəfə Afşin əvəzinə səhvən Aqşin yazıldığını görür (ərəb əlibasında f bir, q isə iki nöqtə ilə yazı- lır). Bundan sonra o da Elxanın qardaşını məhz belə adlandırmaq qərarına gəlir”. Sonralar “Od gəlini” dramındakı Aqşin adını məhz əsərdəki mövqeyinə görə, məcazi mənada sevən, sevilən qardaş kimi mənalandıranlar az olmadı. Həm də Aqşin adının görkəmli dramaturqun əsərində işlənməsi onun digər obrazlarının adları kimi həyata vəsiqə alması ilə nəticələnmişdir. Əminliklə demək olar ki, məhz C.Cabbarlının “Od gəlini” əsəri Aqşin adının Azərbaycanda geniş yayılmasına səbəb olmuşdur. Adın daşıyıcıları arasında Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Aqşin Əlizadə (1937) musiqimizin inkişafında özünəməxsus xidmətləti olan bəstəkarlarımızdandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALAY azərb.

alay camaat, kütlə, böyük dəstə, izdiham, çoxlu adam deməkdir. Alay kişi adı bəzi mənbələrdə nədənsə “almaq” feili ilə əlaqələndirilir. Türk dillərində əsgəri hissələrdə “bölüm”, “dasta” alay adlanır. Şəxs adı Alay adı da həmin sözlə əlaqədardır.

Məlum olduğu kimi, Azərbaycanda orta əsrlərdən hərbi xidmətlə bağlı müəyyən adlar mövcuddur: Yüzbaşı (bax: ad – YÜZBAŞ), Minbaşı (bax: ad – MİNBAŞ), Alay və s. Alay sözü türk dillərinin hamısında mövcud olmuşdur. Ərəb dilinə keçən hərbi türkizmlərdəndir. Ərəb dilində alay sözü bu gün azacıq səs dəyişməsinə məruz qaldığından, başqa sözlə, reseptor dilin fonetik qanunlarına uyğunlaşıb səs cildini dəyişdiyindən alay formasında olub, hərbi sahədə mövcud hərbi türkizmlər sırasındadır. Bu gün Azərbaycanda Alay adına orta və yaşlı nəslin nümayəndələri arasında təsadüfi də olsa rast gəlinir. Yüzbaşı,Minbaşı və s. kimi adlar isə tam əminliklə demək olar ki, tam unudulmuş şəxs adlarıdır, yalnız soyadlarda yaşayır. Azərbaycan dilində qoşun hissələrindən birinin adını ifadə edən alay sözü bu gün də hərbi termin olaraq işlənir. Bu adın izahı ilə bağlı digər mənbələrdə göstərilir ki, Alay kişi adı əvvəllər Miralay, yəni alay başçısı (Əmiri-Alay) rütbəsinin kiçildilmiş biçimi olub, sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALI ərəb.

ali sözündəndir. Ali (bax: ad – ƏLİ) adının Azərbaycan dilindəki variantıdır.

Əli adının ərəbcə tələffüzü daha çox Alıya yaxındır, bu gün də bir çox bölgələrimizdə Əli adı Alı kimi tələffüz olunur. Alı şəxs adı dastanlarımızda da yer almışdır. Hamısında da igid insanların adı kimi təqdim edilir. Etiraf etmək lazımdır ki, Alı adını eşidən kimi nədənsə ilk növbədə “Koroğlu” dastanı yada düşür. Dastanın birinci qolundan sonra Alı kişinin oğlu cəsur Rövşən “Koroğlu”, yəni kor kişinin oğlu adı ilə çağırılsa da, başqa sözlə, daha qəhrəmanın atası Alı kişinin adı çəkilməsə də, Alı adını eşidən kimi Koroğlunun atası xatırlanır. Mənbələrdə “al”, “alu” sözləri ilə əlaqələndirilir. Bəzi sözlərin qarşısında “al” işlənilməklə parlaqlıq ifadə olunur: alyanaqlı, alqırmızı və s. Bəzi dilçilərin fikrincə, aldatmaq feilinin əsasında duran “al” sözü də bədii ədəbiyyatda yalan, hiylə mənasındadır. Al ana bir mifoloji obraz kimi məlumdur. Alu, yəni alça sözü ilə də əlaqələndirilir. Məhz bu səbəbdən bir sıra mənbələrdə Alı şəxs adının albuxara, yəni Buxara gavalısı sözü ilə bağlılığı göstərilir. Alı şəxs adı ali, üstün olan mənasındadır. Alı kişi adı Azərbaycanda XX əsrin ortalarına qədər geniş yayılmış şəxs adlarından olmuşdur. Adın daşıyıcıları arasında XIX əsrdə aşıq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmuş Aşıq Alının (1801-1911) şöhrəti hələ sağlığında Türkiyəyə, İrana, Dağıstan ellərinə yayılmışdı. XX əsrdə adın məşhur daşıyıcılarından “İlin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatları laureatı, I Qarabağ müharibəsində ən qaynar nöqtələrdə reportajlar hazırlamaqdan çəkinməyən jurnalist Alı Mustafayevi (1952-1991) qeyd etmək olar. 20 noyabr 1991-ci ildə döyüş bölgələrinə növbəti reportaj hazırlamağa gedən fədakar jurnalistin olduğu hərbi vertolyot işğalçı erməni silahlıları tərəfindən vuruldu. Bir çox hökumət nümayəndələrinin də olduğu hərbi vertolyotda həlak olanlar arasında Alı Mustafayev də var idi. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ALIŞAR azərb.

alıçar sözündən, alışmaq (qeyri-qəti gəl. zam. ş.) feilindəndir, yəni od tutmaq, alışıb yanmaq mənasındadır.

Azərbaycan antroponimikasında feil kökünə qeyri-qəti gələcək zaman şəkilçisinin əlavə edilməsi ilə düzələn şəxs adları kifayət qədərdir. Məsələn, Gülər (bax: ad – GÜLƏR), Sevər (bax: ad – SEVƏR), Anar (bax: ad – ANAR) və s. Alışar da belə adlardandır. Alışar kişi adı hər an alışa bilər anlamındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Alışar bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti