►Heç nə başa düşməyən, xüsusən işarə başa düşməyən key, maymaq adamlar haqqında işlədilən ifadə.
İfadə Molla Nəsrəddin haqqında məşhur bir lətifədən qaynaqlanır.
Mollanın şəhərdə hakim işlədiyi günlərin birində yanına iki nəfər şikayətçi gəlir. Molla onlardan birincisini dinləyib deyir:
– Sən haqlısan, bala!
Daha sonra ikinci şikayətçi söz alıb birincinin söylədiklərinin hamısının yalan olduğunu isbat etməyə çalışır. O, sözünü bitirdikdə Molla deyir:
– Sən də haqlısan, bala!
Mollanın oğlu da həmin məclisdə imiş. Atasından bu cavabları eşidib deyir:
– Ata, sən ki şikayətçilərin ikisinə də «sən haqlısan» dedin. Belə də iş olar?
Molla deyir:
– Elə sən də haqlısan, bala!
Oğlu:
– Onda bəs haqsız kim oldu?
Molla:
– Haqsız məni bu qulluğa qoyan axmaqdır ki, nə hır qanır, nə də zır.
Məsəllər, deyimlər►Bəzən birinin yaşının çoxluğuna baxmayaraq gənclərdən daha gümrah, çevik, işgüzar, həyatsevər olmasına işarə ilə deyilən ifadə.
İfadə «O olmasın, bu olsun» filmindən (1956) qaynaqlanaraq yayılmışdır.
Əslində isə ədəbiyyatımızda bu fikir ilk dəfə bir qədər başqa şəkildə Molla Vəli Vidadinin Molla Pənah Vaqifə cavab olaraq yazdığı qəzəlində ifadə edilmişdir:
Nə qədər olsa qoca gərçi Vidadi xəstə,
Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər.
Lakin bu cümlənin hikmətli sözə çevrilib xalq arasında yayılması Üzeyir Hacıbəylinin komediyası əsasında çəkilmiş «O olmasın, bu olsun» filmi ilə əlaqədardır.
Komediyanın qәhrəmanı yaşlı, lakin varlı Məşәdi İbad pul gücünə cavan Gülnazla evlənmәk fikrindәdir. Odur ki qıza özünü belә tәqdim edir: «Mən nə qədər qoca olsam da, dəyərəm min cavana».
Məsəllər, deyimlər►Kiçik vəzifəli və aşağı rütbəli adamın böyüklük iddiasına düşdüyünü, ətrafdakılara amansız münasibət bəslədiyini bildirmək üçün işlədilən ifadə.
İfadə xalq arasında yayılmış bir rəvayətdən götürülmüşdür.
Rəvayətə görə, göyərçinlər qanad çalıb mavi səmada uçduqları zaman çöldə otlayan bir dəvə onları seyr edir, quşların belə asan, yüngül uçub cövlan elədiklərini görərək dərindən ah çəkib deyir:
– Ah, kaş mənim də bu göyərçinlər kimi qanadım olaydı!
Bir az aşağıdan uçan quşlardan biri dəvənin yanıqlı-yanıqlı dediyi bu sözləri eşidib onun arzusunun səbəbini soruşur.
Dəvə cavab verir ki, heç bilirsənmi qanadım olsaydı, nə olardı? Mən uçanda dağ-daş gur-gur guruldayardı. Damların üstünə qonub evləri uçurardım, təpiyimlə aləmi dağıdardım, qanadlarımla ağacları, bağçaları, bağları viran qoyardım...
Göyərçin dəvənin sözünü ağzında yarımçıq qoyub deyir:
– Bəsdir, mətləbini başa düşdüm. Elə yaxşı olub ki, bu arzun ürəyində qalıb. Sənin qanadın olsaydı, uçurmamış dam-daş qoymazdın.
İfadə tam halda «Nə yaxşı ki Allah dəvəyə qanad verməyib, yoxsa uçurmadığı dam-daş qoymazdı» şəklində işlənir.
Məsəllər, deyimlər►Məsləki yolunda əzab çəkmək, haqsız zülmə, işgəncələrə məruz qalmaq.
İfadə Azәrbaycanın görkәmli şairi, ruhanilərin fitvası ilə Hələb şəhərində dərisi diri-diri soyulmuş İmadəddin Nәsiminin (1369–1417) adı ilə bağlıdır.
Nəsimi hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyalarına görə uzun illər mühafizəkar din xadimlərinin qəzəbinə düçar olmuş və təqib edilmişdir. Poeziyasındakı azadlıq ruhuna, dini-fəlsəfi görüşünə görə cəzalandırılaraq Suriyanın Hələb şəhərindəki Böyük Ərəb qalası önündə edam olunmuşdur.
Nəsiminin edamı haqqında tarixçi İbn əl-İmad Hənbəli yazır: «O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, Teymur onun öldürülməsini əmr etdi, dərisi soyuldu, çarmıxa çəkildi».
Nəsiminin incə ruhlu lirikası, fəlsəfi şeirləri onu xalq arasında çox məşhurlaşdırmışdır. Şairi həm də bir məslək sahibi, bu məslək uğrunda çarpışan bir mübarizə adamı kimi sevib vəsf etmişdilər. Bu mənada XVII əsrdә yaşamış Sarı Aşığın «Nəsimitək bu aşiq, yolunda soyulandır» bayatısı çox məşhurdur.
Məsəllər, deyimlər►Savaşın, mübahisənin, düşmənçiliyin, ciddi fikir ayrılığının əsas səbəbini bildirən ifadə.
Bu ifadə qədim yunan mifologiyasından irəli gəlir.
Qәdim yunan əsatirləri ilә əlaqәdar olan bu ifadәni ilk dәfə Roma tarixçisi (II әsr) Yustin işlətmişdir. Troya döyüşünün qəhrəmanı Axillin valideynləri Peley və Fetida öz toylarına Nifaq ilahəsi Eridanı çağırmağı unudurlar. O isə qisas almaq məqsәdilә üstünә «әn gözәl ilahәyə» sözlәri hәkk olunmuş qızıl almanı qonaqların arasına tullayır.
Zevsin arvadı ilahə Hera, müdriklik ilahəsi Afina, məhəbbət və gözəllik ilahəsi Afrodita bu almaya kimin layiq olması uğrunda mübahisə edirlər. Bu mübahisədə hakim Troya kralı Priamın oğlu Paris seçilir.
Hər ilahә Parisə bir şey vәd edir ki, almanı ona versin. Hera – bütün Asiyada hökmdarlıq, Afina – böyük bir qəhrəmanlıq şöhrəti, gözəllik vә sevgi ilahəsi Afrodita isə dünyanın ən gözәl qadınını təklif edir. Paris çox fikirləşәndən sonra qızıl almanı Afroditaya verir.
Gözəllik ilahəsi Afrodita minnətdarlıq ifadəsi olaraq Sparta kralı Menelayın arvadı gözəl Yelenanın ürəyində Parisə məhəbbət alovlandırır. Hətta onu qaçırmaqda Parisə köməklik edir. Parisin bu hərəkəti mübahisəyə və Troya müharibəsinin başlanmasına səbəb olur.
Məsəllər, deyimlər►Konkret məqsəd və məram uğrunda mübarizə aparmaq, niyyətini ortaya qoymaq.
İfadə XII–XIII əsrlərdə Avropanın iri şəhərlərində cəngavər turnirlərinin keçirilməsi ilə bağlı yaranmışdır.
Bir ənənə olaraq davamlı keçirilən həmin turnirə çıxan hər cəngavər sevdiyi qadına ürəyini açır və onun məhəbbətini qəbul edən qadının verdiyi yaylığı nizədən asırdı. Cəngavərlər, sözün əsl mənasında, döyüş nizələrini sındıraraq yarışda öz iddialarını irəli sürürdülər.
Nəticədə «nizə sındırmaq» ifadəsi tədricən şiddətli mübahisə zamanı öz fikirlərini inadla müdafiə edən insan haqqında işlədilməyə başlamışdır.
Məsəllər, deyimlər►Çox qədimdən qalan, hədsiz köhnə, yaşı lap çox olan bir şey haqqında işlədilən ifadə.
İfadə əfsanəvi Nuh peyğəmbərin uzun yaşaması ilə bağlı rəvayətlərdən qaynaqlanaraq yayılmışdır.
Dini rəvayətə görə, guya Allah ilk dəfə gəmi düzəltməyi Nuh peyğəmbərə öyrətmişdi. O, altı yüz yaşında ikən dünyanı su basanda öz ailə üzvlərini, ona inananları və hər heyvandan bir cüt (dişi və erkək olmaqla) götürüb düzəltdiyi gəmiyə minmişdi. Yerdə qalan bütün canlılar su altında qalıb məhv olmuş, yalnız Nuhun gəmisi Ağrı dağının ətəyinə yanaşaraq quruya çıxmış və xilas olmuşdu.
Bəzi rəvayətlərdə Nuh peyğəmbərin guya 950 il, bəzilərində isə 1800 il yaşadığı iddia olunur. Әlbәttә, bu rәqәmlər inandırıcı deyil. Burada tarixi vә ya dini dolaşıqlıq var. Nuhdan bәhs edәn ən qәdim dini әsәr olan «Bibliya»da tәqvim hesabı müasir dövrdәkindәn fәrqli olmuşdur; mәsәlәn, «Bibliya»da göstәrilir ki, Mafusail 969 il yaşamışdır. Tәdqiqatçılar göstәrirlәr ki, o zamanlar tәqvim ili bizim bir ayımıza bәrabәr olmuşdur vә demәli, burada müasir mәnada 969 ay nәzәrdә tutulmalıdır ki, bu da 79 il elәyir. Hәmin hesabla Nuhun 1800 illik ömrü 150 ilә yaxın olur.
«Bibliya»da (sonralar isə «Quran»da – red.) Nuh tufanı, onun gәmisi haqqında olan mәlumat dünyanın әn qәdim xalqı olan şumerlәrin «Gilqameş dastanı»ndan əxz edilmişdir. «Gilqameş dastanı» bütün dünyada әn qədim bәdii әsər hesab olunur. Sübut edilmişdir ki, hәqiqәtәn, Cənubi İraqda çox böyük bir tufan baş veribmiş.
Nuh peyğəmbərlə bağlı dilimizdə «Nuhun gəmisi», «Nuhun tufanı» kimi ifadələr də işlənir.
Məsəllər, deyimlər►Hər hansı elmi kәşfә, ixtiraya, çәtin bir məsəlәnin hәllinә yardımçı olan təsadüfləri nəzərdə tutan ifadə.
İfadə Nyutonun cazibə qanununu guya təsadüf nəticəsində kəşf etməsi ilə bağlı əhvalatdan qaynaqlanır.
Həmin rәvayətә görә, görkәmli ingilis fiziki İsaak Nyuton (1643–1727) bütün göy cisimlərinin hərəkətini idarə edәn qanunu – ümumdünya cazibə qanununu tәsadüfi müşahidə nәticәsində kәşf etmişdir. Guya o, bir dәfə yetişmiş almanın ağacdan qopub yerə düşdüyünə diqqət yetirir vә ilk dәfə ağlına belә fikir gəlir ki, yәqin, Yer bütün cisimləri özünә cəlb edir. Hәmin fikirlə əlaqәdar öz dahiyanə tədqiqatlarına başlayır.
Şübhə yoxdur ki, tәklikdә götürülmüş bu vә ya buna oxşar müşahidәlər heç dә ümumdünya cazibə qanununun kәşfinə gətirә bilməzdi. Almanın yerə düşmәsi mәsәlәsi cazibə qanununun әsasını təşkil etməyib, güman ki, qanunun kәşf olunmasına təkan verib.
Alman filosofu Georq Vilhelm Hegel (1770–1381) həmin kәşfin alma ilә әlaqәdar olmasını çox mənfi qiymәtlәndirir və bunu bәşəriyyət üçün bәd fal hesab edirdi. O göstərirdi ki, dünya tarixindә almalar Nyutona qәdәr iki dəfə insanlara fəlakət gәtirmişdir. Bunlardan biri Həvva alması, digәri Paris alması (bu alma Troya müharibәsinin başlanmasına sәbəb olmuşdu) hesab olunur.
Məsəllər, deyimlər►Birinin qarşısında uzunmüddətli öhdəlik götürüb sonradan bu öhdəliyə məsuliyyətsiz yanaşmanı əks etdirən ifadə.
Məsəl Molla Nəsrəddinin məşhur bir lətifəsi ilə bağlıdır.
Bir gün Teymurləngə bir eşşək bağışlayırlar. Molla deyir ki, bu eşşəyə adam kimi danışmağı öyrədə bilər. Teymur Mollaya xeyli qızıl, beş il də vaxt verir ki, eşşəyə adam dili öyrətsin. Molla qızılları və eşşəyi götürüb evə gətirir. Məsələni arvadına açır və pulları ona verir ki, xərcləsin.
Arvad deyir:
– A kişi, dəli deyilsən ki, başına at təpməyib! Eşşək də danışar?..
Molla deyir:
– Əlbəttə, eşşək danışmaz.
– Yaxşı, bəs beş ildən sonra Teymura nə cavab verəcəksən?
– Ay arvad, Allah kərimdir. Beş ilə kimi ya eşşək ölər, ya padşah. İkisi də dünyanı tutub durmayacaq ki!..
Məsəllər, deyimlər►«İllər ötüb, xeyli zaman keçib» mənasında işlədilən ifadə.
İfadə qədim dövrlərdə işlənmiş «su saatları» ilə bağlı meydana çıxmışdır.
Əslində, vaxt və su arasında birbaşa əlaqə var. Vaxtı hesablamaq üçün әn qәdim cihazlardan biri su vә qum saatları idi. Bu qәdim cihaz həlә Babilistanda mәlum idi vә tәxminәn 2300 il bundan әvvәl Yunanıstanda vә Romada işlәnirdi.
Әn qәdim su saatı (eramızdan 1600 il әvvәl) Misirdә tapılmışdır.
Cihazların quruluşu çox sadә idi. İki qabın birindәn o birinә müntәzәm şəkildә vә bir qәrarda su axardı vә suyun qabdakı sәviyyәsinә görә vaxtı hesablayardılar. Qum saatları da tәxminәn eyni prinsipә әsaslanırdı.
Qәdim yunanlarda mәhkәmә istintaqı zamanı müttәһimә vә ittihamçıya çıxış etmәk, danışmaq üçün eyni müddətdə vaxt verilirdi. Çıxışa başlamazdan әvvәl onlar üçün bәrabәr miqdarda su ölçürdülәr. Onlar danışmağa başlayan kimi su saatları da işә salınırdı. Suyun axdığı bütün müddәt әrzindә danışmaq olardı. Su axıb qurtaran kimi danışan da susmalı idi.
Müәyyәn sәnәdi oxumaq, әsas mәsәlәyә dәxli olmayan çox uzaq mәsәlәlәrdәn danışmaq vә ya şahidin ifadәsini dinlәmәk lazım gәldikdә suyun axmasını kәsәrdilər. Konkret faktlar haqqında mәlumat vә ya ifadә verәndә dә su axmamalı idi. Çox güman ki, indi dә «mәruzәdә su çoxdur», «suyunu azalt», «mәqalә (әsәr) çox suludur» vә bu kimi ifadәlәr öz mәnşәyini yuxarıda qeyd etdiyimiz hadisәdәn götürmüşdür.
Məsəllər, deyimlər►Bәrkdәn-boşdan çıxmaq, çox çətinliklər görmək, zəngin həyat təcrübəsi qazanmaq.
İfadə qədimdə mövcud olmuş maraqlı bir cəza üsulundan qaynaqlanır.
Qәdim zamanlarda bir sıra xalqlarda belә qayda var idi ki, cinayәt törətdiyinә şübhә yaranmış şәxslәri su və ya odla imtahan edir, yoxlayırdılar. Müttәhimi çaya (suya) atırdılar. Batmasa, belә mühakimә edirdilәr: deməli, günahkardır ki, su da onu qәbul etmir. Batsa, demәli, günahı yoxdur, ona böhtan atılıb.
Odla yoxlama isə belә aparılırdı: müttəhim əlini yanar odun içinә soxmalı vә ya közərmiş dәmiri әlinә götürmәli idi. Bu zaman günahsız şәxslərin әlində yanıq yeri, izi (qabar vә s.) qalmamalı idi.
İfadənin müxtəlif variantları qədim yunan vә Roma müəlliflərinin – Plutarx, Aristofan, Horatsi, Vergili və b.-nın əsәrlərində özünü göstәrir. Habelә Firdovsinin «Şahnamә»sində Səyavuş oda girməklә günaһsız olduğunu sübut edir.
İndi də bir adamın çətinliklərə, sınaqlara məruz qalarkən dözüm nümayiş etdirməsini bu ifadə ilə bildirirlər.
Məsəllər, deyimlər►Müharibənin dəhşətlərini, odun və qılıncın yarada biləcəyi fəlakətləri vurğulayan ifadə.
İfadə Hippokratın dəmirin və odun sağaldıcı xüsusiyyətləri barədə fikirləri ilə bağlı meydana çıxmışdır.
Adətən, od və su deyən kimi göz önünə müharibə, əhalinin qılıncdan keçirilməsi, evlərə od vurulması kimi ağır səhnələr gəlir, çünki iki min ildir ki, ifadə məhz bu mənada işlədilir. Lakin ifadənin müəllifi qaniçən sərkərdə yox, minlərlə insanı ölümün pəncəsindən xilas etmiş həkim olub.
Qədim yunan təbibi Hippokrat e.ə. V–IV əsrlərdə «Dərmanın sağaltmadığını dəmir sağaldır, dəmirin sağaltmadığını od sağaldır» deyəndə onu nəzərdə tuturdu ki, dərmanın təsir göstərmədiyi dərinləşmiş yaranı bıçaqla yarmaq, yaxud kəsib götürmək, bunun da xeyri olmadıqda zədəli toxumaları məhv etmək üçün odla dağlamaq lazımdır. Odur ki «dəmirlə və odla» ilk vaxtlar dağıdıcı hərbi metod deyil, əksinə, müalicə üsulu olub.
İfadəni Roma şairləri «hərbiləşdiriblər». İlk olaraq bunu e.ə. I əsrdə Publi Ovidi Nazon edib. Çoxsaylı elegiyalarından birində o belə yazıb:
…Qılıncla və odla, əlimdə məşəl
Sormadan keçərəm kinli kandarı!
Ovidinin müasirləri, o cümlədən Propersi və başqa şairlər ifadəni təkrarlayıblar. Sonradan o, «Odla və qılıncla» şəklində başqa Avropa dillərinə də keçib, bir çox əsərlərin, o cümlədən polyak yazıçısı Henrix Senkeviçin (1846–1916) məşhur romanının adında istifadə olunub. Bu əsərlərin hamısında müharibənin dəhşətlərindən bəhs edilir.
Məsəllər, deyimlər►Özünü işə verməmək, başqasını əziyyətə salmaq, onun zəhmətini mənimsəmək.
İfadə fransız şairi Lafontenin məşhur bir təmsilindən qaynaqlanır.
Dünya dillərinin bir çoxunda olan bu ifadə daha çox «odu başqasının əli ilə götürmək asandır» şəklində işlənir. Burada «od» sözü «alovsuz, isti kömür» mənasını verir. Avropa dillərində bu deyimin Lafontenin «Meymun və pişik» (1678) təmsilində işlənmiş «özünü oda-alova atmaq» ifadəsindən sonra geniş yayıldığı ehtimal edilir. Həmin təmsildə meymun pişiyi məcbur edir ki, odun içindən onun üçün şabalıdlar çıxartsın. Pişik pəncələrini yandıra-yandıra şabalıdları oddan çıxarır, amma şabalıdın ləzzətini meymun görür.
Dilimizdə bu frazeoloji birləşmənin qarşılığı kimi «İlanı Seyid Əhməd əli ilə tutmaq» ifadəsi işlənir.
Məsəllər, deyimlər►Hər hansı hərəkəti və ya sözü ilə mübahisəni, münaqişə və ya düşmənçiliyi daha da qızışdırıb alovlandırmaq.
İfadəni ilk dəfə romalı şair Kvint Horatsi Flak (e.ə. 65–8) özünün məşhur «Satir» adlı əsərində işlətmişdir.
Həmin əsərdən belə anlaşılır ki, bu ifadə hələ Qədim Roma dövrlərindən məşhur olmuşdur. Qədim romalılar daha çox mənfi çalar daşıyan bu ifadəni insanlar arasında ədavət və düşmənçiliyi qızışdıran, narazılığı artıran, onların bir-birinə nifrətini daha da coşduran, ümumiyyətlə, ehtirasları alovlandıran adamların ünvanına işlədirlərmiş.
Müasir dövrümüzdə publisistik yazılarda münaqişəli problemlərdən bəhs edən materiallarda bu ifadə geniş işlədilir. Bəzən ifadədəki «yağ» sözünün əvəzinə «benzin», «kerosin» və s. sözlərin işlədilməsi hallarına da rast gəlinir.
Məsəllər, deyimlər►Adәtәn, nəticəsini hamının intizarla gözlədiyi bir işin ardınca gedən adam qayıdarkən o işi yarıdıb-yarıtmadığını, həll edib-etmədiyini bilmək üçün ona verilən sual.
İfadə «Kitabi-Dәdə Qorqud» dastanından qaynaqlanır.
Bu deyimdəki «oğlan» «müsbət» (təsdiq, müvəffəqiyyәt), «qız» isə «mənfi» (imtina, müvəffəqiyyətsizlik) mәnasını daşıyır. «Kitabi-Dәdə Qorqud» dastanının «Bayburanın oğlu Bamsı Beyrək» boyunda tәsvir olunur ki, qız elçiliyinə getmiş Dәdә Qorqud müsbət cavab alıb qayıtmışdı:
«Dədә (Qorqud) döndü. Baybura evlәrinә gәldi.
Baybura bәy aydır: – Dәdə. Oğlanmısan, qızmısan?
Dәdə: – Oğlanam, – dedi».
İndinin özündə də bir işin nəticəsinin müsbət və ya mənfi olduğunu bilmək üçün bu sualı verirlər.
Məsəllər, deyimlər