Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əmr cümləsi

İstək, arzu, xahiş, rica, əmr, çağırış, göstəriş, məsləhət və s. ifadə edən cümlə.

Əmr cümləsinin xəbəri, bir qayda olaraq, feilin əmr şəklində olur; məs.: Vətəni qoru. Gələcəyə ümidlə baxın və s. Əmr ədatları da əmr cümlələrinin qurulmasında iştirak edir: Di get cavab ver. Qoy sözümü deyim. Bir söz söyləsənə. Heç kimə demə ha.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ərizə

Şikayət və ya xahiş məqsədilə yazılan əməli yazı növü.

Ərizədə 1) müraciət olunan və müraciət edən şəxsin adı, soyadı, vəzifəsi, 2) yığcam şəkildə müraciətin (xahişin, şikayətin) məzmunu, 3) yazılma tarixi və ərizəçinin imzası əks olunmalıdır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əsas nitq hissələri

Leksik mənasına və qrammatik xüsu­siyyətlərinə görə qruplaşan sözlər: isim, sifət, say, əvəzlik, feil, zərf.

Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s.-dən asılıdır. Əsas nitq hissələrinin başlıca xüsusiyyətləri bunlardır: 1) müstəqil leksik mənası var; 2) ayrılıqda işlənərək suala cavab verir; 3) qrammatik mənası var; 4) söz yara­dıcılığında iştirak edir, yəni leksik şəkilçilər artırıb yeni sözlər düzəltmək olur; 5) formaca dəyişə bilir; 6) müstəqil cümlə üzvü ola bilir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əsatir

İlahlar, təbiət hadisələri və Yer üzündə insanların əmələ gəlməsi haqqında qədim xalqların uydurduğu süjetlər; mifologiya.

Əsatirdə təbiət hadisələri, kortəbii qüvvələr, səma cisimləri və s. insanların xəyalında, təsəvvür və düşün­cələrində müəyyən bir şəklə salınır, gah insanlara, gah da ilah­la­ra (tanrılara) bənzər təsvir olunur. Homerin “İliada” və “Odi­sseya”sında, “Gilqamış” dastanında, Firdovsinin “Şah­na­mə”­sində  əsatirdən geniş istifadə edilib. Yunan mifo­lo­gi­y­a­sın­dakı əsas obrazlar Zevs, Apollon, Afrodita, Venera, Pro­­metey qədim yunan ilahları və titanlarıdır. “Qaraxan və in­san” türk xalqlarının yaratmış olduğu əsatirdir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əvəzlik

Əsas nitq hissələrini ümumi şəkildə əvəz edən söz, nitq hissəsi.

Əvəzliyin ümumi qrammatik mənası yoxdur. Hansı nitq hissəsini əvəz edirsə, onun da ümumi qrammatik mənasına uyğunlaşır. Əvəzliyin mənaca beş növü var: şəxs əvəzliyi, işarə əvəzlikləri, qeyri-müəyyən əvəzlik, təyini əvəzlik, sual əvəzliyi.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əvəzlik-qəlib

Tabeli mürəkkəb cümlənin baş cümləsində işlənib budaq cümlənin növünü müəyyən edən işarə əvəz­likləri: o, bu, ona, buna, onda, bunda, elə, belə, orası, burası, həmin vaxt, o zaman, o vaxt, o idi, bu idi və s.

Əvəzlik-qəlib baş cümlədə hansı cümlə üzvünün sualına cavab verirsə, budaq cümlə də onun adı ilə adlanır; məs.: Hətta burası da yadımdadır ki (nə? – mübtəda budaq cümləsi), kəndə sel gəlmişdi. Ona təəccüblənirəm ki (nəyə? – tamamlıq budaq cümləsi), mənə heç nə deməmisiniz. Məni narahat edən o idi ki (nə idi? – xəbər budaq cümləsi), niyə mən onu yax­şı tanı­mamışam?

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

əvvəl-axır

Bütün misraları eyni hərflə başlayıb eyni hərflə bitən şeir şəkli.

Aşıq ədəbiyyatında geniş yayılmışdır. Əvvəl-axır şeir şəkli qoşma, təcnis, gəraylı, divani və s. janrlarda olur. Molla Cümə və Aşıq Ələsgər kimi aşıqlar yara­dıcılıq­larında əvvəl-axır şeir şəklindən istifadə ediblər; məs.:

Zəhmətim əşərdir, bülbülüm gülsüz, 
Zar olur könlümüz, ayağa durmaz. 
Zəbanım bəstədir, dəhanım dilsiz, 
Zəncəfil göz yaşım ayağa durmaz. 
                            ***
Zər alan sərraflar yamanı saymaz, 
Zəmində yaxşılar yamanı saymaz, 
Zəbərcəd dəndanı yamanı saymaz, 
Zay Cümə gələndə ayağa durmaz. (Molla Cümə)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fabula

lat. – hekayət, təmsil

Müəllifin qələmə aldığı hadisələrin əsərdəki ardıcıllığı.

Ədəbiyyatşünaslıqda çox zaman “fabula” və “süjet” anlayışları eyniləşdirilir. Əgər müəllif hadisələri baş verdiyi xronoloji ardıcıllıqla qələmə alırsa, əsərin fabula və süjeti üst-üstə düşür. Lakin bəzi hallarda müəlliflər oxucuda maraq oyatmaq, onu gərginlikdə sax­lamaq məqsədilə bu ardıcıllığı dəyişir, məsələn, sonda baş vermiş bir hadisəni əsərin əvvəlində təsvir edirlər. Belə olduqda  hadisələrin həyatda başvermə ardıcıllığı ilə əsərdəki ardıcıllığı arasında fərq yaranır. Fabula hadisələrin məhz müəllif tərəfindən qələmə alındığı ardıcıllığı nəzərdə tutur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti