Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

yanıltmac

Uşaq folkloru janrlarından biri: eyni və ya oxşar sәslәnәn sözlәrin təkrarlandığı kiçikhəcmli nəzm və ya nəsr əsəri.

Yanıltmacın əsas xüsusiyyəti ifrat alliterasiyadan istifadə yolu ilə mətnin tələffüzünü çətinləşdirməkdir; məs.: Ay ağquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü? Tələffüzü çətinləşdirən əsas məqamlar bunlardır: 1) səs məx­rəci yaxın olan samitlərin (q-ğ, s-ş-z və s.) yanaşı iş­lən­məsi: Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış; eyniköklü söz­lərin və ya eyni sözün mürəkkəb qrammatik formalarının ya­naşı işlənməsi: Ocağı qığılcımlandırma, sən qığıl­cımlandırsan da, qığılcımlanacaq, qığılcımlandırmasan da, qığılcım­la­na­caq. Fonetik xüsusiyyətə önəm verilməsi yanıltmacın məz­mununu arxa plana çəkir. Bununla belə, həm şifahi, həm də yazılı ədəbiyyatda komik məzmunlu, maraqlı yanıltmaclara rast gəlinir. Yanıltmacdan azyaşlı uşaqların tələffüz və dik­siyasını inkişaf etdirmək üçün tədris materialı kimi də istifadə olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

yer budaq cümləsi

Baş cümlədəki hərəkətin yerini bildirib haraya? harada? haradan? suallarından birinə cavab olan budaq cümlə.

Yer budaq cümləsi, adətən, baş cümlədən əvvəl gəlir. Budaq cümlədə haraya (ki), harada (ki), haradan (ki), o yerə ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki və s. bağlayıcı sözlər işlənir. Baş cümlədə oraya (ora), orada, oradan və bu kimi əvəzlik-qəliblər işlənir; məs.: Harada işlə­yirsən, oraya (ora) can yandırırsan. O yerdə ki meşə çox olur, orada insan rahat nəfəs alır. İndi harada ki qazıntı aparılır, keçmişdə orada böyük bir şəhər olub.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

yer zərfi

İş və hərəkətin yerini, istiqamətini bildirən zərf.

Quruluşca üç növə bölünür: sadə, düzəltmə, mürəkkəb. Sadə yer zərfləri: aşağı, içəri, yuxarı, irəli, geri, ora, bura, yaxın, uzaq, sağ, sol, arxa, bəri və s. Düzəltmə yer zərfləri: ortalıqda, aralıqda və s. Mürəkkəb yer zərfləri: ora-bura, yan-yörə, dala-qabağa, otərəf-butərəf, sağa-sola, üzüyuxarı, üzüaşağı və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti