Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məqsəd zərfliyi

Hərəkətin məqsədini bildirən və niyə? nə üçün? nədən ötrü? nə məqsədlə? suallarından birinə cavab verən zərflik.

Məqsəd zərflikləri aşağıdakı vasitələrlə ifadə olunur: 1. Yönlük halda olan məsdər və məsdər tərkibləri ilə: Biz bura boş-boş oturmağa yox, işləməyə gəlmişik. 2. Üçün, ötrü qoşmalarının ismi birləşmələrə, məsdər və məsdər tər­kiblərinə qoşulması yolu ilə: Mən sərinləmək üçün pən­cərənin qabağında oturdum (İ.Əfəndiyev).  3. Niyə? nə üçün? nədən ötrü? nə məqsədlə? sual əvəzlikləri ilə: Bunu mənə nə üçün deyirsiniz? 4. Sonu deyə sözündən ibarət olan tərkiblərlə: Əmirxanı oyatmayır, dincəlsin deyə, Bəzən onun nəfəsinə qulaq da asır (S.Vurğun). 5. İkinci tərəfi məqsəd, uğur, yol, niyyət, bəhanə tipli sözlərdən ibarət olan ismi birləşmələrlə: Qonaqları qarşılamaq niyyəti ilə hamı həyətə çıxdı.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti