Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

palindrom

Qrafik fiqur: söz, söz birləşmələri və ya cümlələrin soldan-sağa və sağdan-sola eyni cür oxunması; məs.: kələk, ənənə, kiçik, qabaq.

Poeziyada formalizmin təzahürlərindən biridir. P. əsasında şeir və poemalar yazılıb. Əlbəttə, bu zaman söz fikrə deyil, fikir sözə, formaya tabe edilir. Rus poeziyasında daha geniş yayılıb. Məsələn, V.Xlebnikovun “Razin” poeması bu üsulla yazılıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

paradiastola

yun. – fərqləndirmə

Antitezanın növlərindən biri: ziddiyyət təşkil edən tərəflər kimi antonim və ya əksmənalı anlayışların deyil, sinonimlərin çıxış etməsi.

Bu, mənaca yaxın sözlər arasındakı fərqi vurğulamağa imkan verir. Bu zaman sinonimlərdən biri inkarlıq ifadə edən şəkilçi vasitəsilə təzad yaradır. P. üçün “amma”, “lakin” bağlayıcılı qarşılaşdırıcı konstruksiyalar səciyyəvidir: Yalan ayaq tutar, amma yeriməz; Doğru büdrəyər, amma yıxılmaz. Belə konstruksiyalarda qarşılaşdırılan yaxınmənalı sözlərdən (ayaq tutmaq – yerimək, büdrəmək – yıxılmaq) ikincisi leksik məna baxımından üstün olur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

paradoks

yun. paradoks – qəribə, gözlənilməz

Məntiqi cəhətdən izah edilə bilməyən, lakin real həyatla ziddiyyət yaratmayan mühakimә.

“Ən yaxşı reklam antireklamdır” cümləsi P.-a nümunə ola bilər. P.-u üslubi fiqur, antitezanın bir növü kimi də qəbul etmək olar. Bir çox aforizmlərdə bu fiqurdan geniş istifadə edilir: “Nәfsdәn yaxa qurtarmağın әn yaxşı yolu nәfsli olmaqdır” (O.Uayld). P.-da әks olunmuş fikir gözlәnilmәzliyi vә qәribəliyi ilə ilk baxışdan tәәccüb doğurur. Məhz bu xüsusiyyəti fikrin ifadəliliyinə, bədii təsir gücünə xidmət edir: “Mən sizin haqqınızda o qədər böhtan eşitmişəm ki, artıq məndə şübhə yoxdur: siz gözəl adamsınız” (O.Uayld).

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

paralelizm

yun. parallelizmos – yanaşı gedən

Üslubi fiqur: qrammatik və semantik strukturuna görə eyni və ya oxşar olan elementlərin mətndə yanaşı gəlməsi.

P. çox zaman fikirlərin, təsvirlərin müqayisəsinə xidmət edir. Belə müqayisə hadisələrin oxşarlığını və ya fərqini vurğulayır, poetik nitqə xüsusi ifadəlilik verir; məsələn:

Qoca dənizçi danışdı mənə:

Fikirli olur, – dedi,

Məkrli olur, – dedi,

Sirli olur, – dedi,

Təmiz olur, – dedi,

Kirli olur, – dedi, – dəniz. (R.Rza)

Leyli demə – cənnət içrə bir hur,

Məcnun demə – zülmət içrə bir nur. (M.Füzuli)

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti