1. Baxmaq tərzi, gözlərin ifadəsi; göz, nəzər. □ Kədərli baxış. Sevgi dolu baxışlar. Qəribi baxışından tanıyırlar. (Atalar sözü).
2. Məcazi mənada: görüş, fikir, mülahizə, nöqteyi-nəzər. □ İctimai-siyasi baxışlar. Meşşancasına baxış.
3. İctimai yoxlama, təntənəli surətdə gözdən keçirmə, tanış olma. □ Bakı şəhərində tikiləcək binalar üçün hazırlanmış layihələrin ictimai baxışı və müzakirəsi təşkil edilmişdir.
Qeyd: ...baxışlı. Adətən başqa sözə qoşularaq, tərkib halında mürəkkəb sifət kimi işlənilir; məsələn, ceyranbaxışlı, ahubaxışlı, maralbaxışlı və s.
Həmçinin bax:
1. Bir şeyi görmək üçün gözlərini ona dikmək, nəzərini bir şeyə dikmək, nəzər yetirmək. □ Pəncərədən baxmaq. Diqqətlə baxmaq. Ətrafına baxmaq. Eyib tapır özgəyə, bir baxmayır güzgüyə. (Atalar sözü). Aynaya baxan camalın görər. (Atalar sözü).
2. Tamaşa etmək, gözdən keçirmək, müşahidə etmək, seyr etmək. □ Kinoya baxmaq. Şəklə baxmaq. Özgə ağzına baxan ac qalar. (Atalar sözü).
3. Mütaliə etmək, ötəri oxuyaraq, ya göz gəzdirərək tanış olmaq, gözdən keçirmək. □ Kitaba baxmaq. Qəzetə baxmaq. Dərslərinə baxmaq. Baxmaqla öyrənmək olsaydı, sallaqxanadakı itlərin hamısı qəssab olardı. (Atalar sözü).
4. Öyrənmək, oxumaq, məşğul olmaq, yoxlamaq, gözdən keçirib düzəltmək, təshih etmək. □ Əlyazmalarına baxmaq. Şagirdlərin dəftərlərinə baxmaq.
5. Göz gəzdirmək, axtarmaq, araşdırmaq. □ Yaxşı bax taparsan. Hər yerə baxdım, tapa bilmədim.
6. Yoxlamaq, müayinə etmək. □ Nəbzinə baxmaq. Hərarətinə baxmaq. İsti-soyuqluğuna baxmaq. Bəy verən atın dişinə baxmazlar. (Atalar sözü).
7. Birindən nümunə götürmək, ibrət götürmək, özünü ona oxşatmaq, fikir vermək. □ Yoldaşlarına bax, özünü düzəlt. Anasına bax, qızını al, qırağına bax – bezini. (Atalar sözü).
8. Fikir vermək, əhəmiyyət vermək, diqqət yetirmək, nəzərə almaq, qulaq asmaq, hesablaşmaq. □ Deyilənlərin heç birinə baxmadı. Adamın hüsnünə baxma, ağlına bax. (Atalar sözü).
9. Bir şey haqqında müəyyən rəyi, fikri, mülahizəsi olmaq; bir münasibət göstərmək, qiymətləndirmək, hesab etmək, saymaq. □ Sən bu məsələyə necə baxırsan? Boyuna baxma, bacarığına bax. (Atalar sözü). Çarığına baxma, ürəyinə bax. (Atalar sözü).
10. Müzakirə etmək, gözdən keçirmək. □ İclasda hansı məsələlərə baxacaqlar? Məhkəmə bu gün işə baxacaqdır.
11. Ölçüb-biçmək, yoxlamaq, fikirləşmək, düşünmək, mülahizə etmək. □ Baxaram, vaxtım olsa, gələrəm. Baxarsan, xoşuna gəlsə, alarsan.
12. Qulluq etmək, xidmət etmək, qayğısına qalmaq, təmin etmək, nəzarət etmək, göz qoymaq, göz-qulaq olmaq; üstündə gözü olmaq, qarovul çəkmək. □ Xəstəyə baxmaq. Uşaqlara baxmaq. Sürüyə baxmaq. Bağa bax – barın gör. (Atalar sözü). Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. (Atalar sözü).
13. İdarə etmək, başçılıq etmək, müdirlik etmək. □ Bu işlərə kim baxır?
14. Müalicə etmək, tibbi cəhətdən nəzarət etmək, müayinə etmək. □ Xəstəyə hansı həkim baxır?
15. Müəyyən tərəfə yönəldilmək, çevrilmək, döndərilmək, açılmaq. □ Evin pəncərələri həyətə baxır. Topların ağzı dənizə baxır. Binanın ön tərəfi şimala baxır.
16. Asılı olmaq, bağlı olmaq, əlaqədar olmaq, tabe olmaq. □ Bu iş sənə baxır. O baxır sənin fərasətinə.
Həmçinin bax: